Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri mərhələli şəkildə həyata keçirilir və atəşkəslə paralel olaraq mütləq monitorinq missiyası fəaliyyətə başlamalıdır.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
Zelenski təhlükəsizlik mexanizmlərində “saxta bayraq əməliyyatları” riskinin nəzərə alınıb-alınmadığına dair suala da cavab verib.
Söhbət Rusiyanın mümkün insidentləri səhnələşdirərək buna görə Ukraynanı ittiham etməsi və pozuntuların obyektiv şəkildə müəyyən olunmasına imkan verən mexanizmlərin mövcudluğundan gedir.
Ukrayna liderinin sözlərinə görə, təhlükəsizlik zəmanətləri mərhələlərlə təmin olunur və əsas prioritet atəşkəslə eyni vaxtda monitorinq missiyasının işə başlamasıdır.
“Monitorinq missiyası etibar etdiyimiz tərəfdaşlarımızın rəhbərliyi altında həyata keçiriləcək. Bu, texniki imkanlara malik olan tərəfdaşlardır. Onların peyk sistemləri, dron infrastrukturu var”, – deyə Zelenski vurğulayıb.
Atəşkəsin pozulmasına necə reaksiya veriləcəyi məsələsinə gəlincə, prezident bildirib ki, bu, təhlükəsizlik zəmanətlərinin ikinci mərhələsidir və həmin sənədlərdə tərəfdaşların pozuntu halında hansı addımları atacağı maddə-maddə əks olunub.













