Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin ərazi məsələlərini müzakirə etmək səlahiyyəti yoxdur, Vladimir Zelenski deyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Nümayəndə heyətimiz humanitar məsələləri – hərbi əsirlər və uşaqların [qaytarılması] məsələsini – və ya atəşkəs məsələsini müzakirə etmək mandatına malikdir. Lakin onların Ukraynanın suverenliyi və ərazi bütövlüyünü müzakirə etmək mandatı yoxdur”, – o, Macarıstanın Valasz Online nəşrinə müsahibəsində deyib .
“Ərazilərlə bağlı danışıqlar aparmaq mənim işimdir” deyən Zelenski, məsələni yalnız Rusiya prezidenti Vladimir Putinlə müzakirə etməyə hazır olduğunu bildirib.
Zelenski həmçinin qeyd edib ki, Ukrayna itirilmiş əraziləri “de-yure rusiya” kimi tanımır. Bundan əvvəl Ali Rada artıq Rusiya Federasiyasının nəzarətinə keçən ərazilərdən faktiki imtinaya icazə vermişdi.
İyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında bərpa olunmuş birbaşa danışıqların ikinci raundu keçirilib. Tərəflər münaqişənin həlli aspektləri ilə bağlı öz baxışlarını əks etdirən sənədlər mübadiləsi aparıblar. Ukrayna tərəfinin memorandumu Kiyevin liderlərin mümkün görüşü ilə bağlı ideyasını ayrıca paraqrafda əks etdirir. Ukrayna hesab edir ki, Putin və Zelenski 6 məsələ, o cümlədən ərazilər və hərbi əməliyyatların tam dayandırılması ilə bağlı razılığa gəlməlidir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə ABŞ-ın iştirakı ilə sammitin keçirilməsinin mümkünlüyünü şərh edərkən qeyd edib ki, Putin dəfələrlə yüksək səviyyədə təmaslara hazır olması barədə danışıb və vurğulayıb ki, bu təmaslar artıq texniki və ekspertlər səviyyəsində hazırlanacaq razılaşmaların nəticəsi olmalıdır.