Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-dan hərbi yardımın dayandırılmasından sonra müdafiə naziri Rüstəm Ümerov və Xarici İşlər naziri Andrey Sibiqanın hesabatlarını dinlədiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, o, öz Telegram kanalında Ukraynanın müdafiəsinin “bu və ya digər şəkildə” təmin ediləcəyinə inandırıb.
“Bu gün Müdafiə və Xarici İşlər nazirlərinin hesabatları dinlənilib. Xüsusilə ABŞ ilə əlaqələr barədə. Hazırda işçi səviyyəsində Ukrayna və ABŞ arasında müdafiə dəstəyi, o cümlədən hava hücumundan müdafiə komponentlərinin tədarükü ilə bağlı bütün detallar araşdırılır. Hər halda, xalqımızın müdafiəsi təmin olunmalıdır,” – məlumatda deyilir.
Zelenski həmçinin iclas zamanı Danimarkanın sədrliyi dövründə Avropa İttifaqı ilə münasibətlərin müzakirə edildiyini, tərəfdaşlarla silah istehsalı barədə razılaşmaların hazırlanmasının gündəmdə olduğunu vurğulayıb.
Prezident əlavə olaraq Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının müdafiə dronları ilə bağlı “yeniliklər” vəd edib.