Zelenski kimə xidmət edir? – Ukraynanı dəyişən müharibə və Qərbin kölgəsibackend

Zelenski kimə xidmət edir? – Ukraynanı dəyişən müharibə və Qərbin kölgəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenskinin hakimiyyət dövrü və siyasi irsi ətrafında müzakirələr getdikcə dərinləşir. Müharibə şəraitində formalaşan bu liderlik modeli bir tərəfdən Qərbin geniş siyasi və hərbi dəstəyi, digər tərəfdən isə reallaşmayan vədlər və ağır bədəllərlə müşayiət olunur. Zelenskinin hansı hədəflərə nail olmaq istədiyi, kimin maraqlarına söykəndiyi və tarixdə necə yadda qalacağı sualı artıq təkcə Ukrayna üçün deyil, beynəlxalq siyasət üçün də aktual mövzuya çevrilib.

Volodimir Zelenskinin siyasi portreti klassik siyasi karyera trayektoriyasından kəskin şəkildə fərqlənir və bu fərqlilik onun hakimiyyət dövrünün həm əsas üstünlüyü, həm də ən zəif nöqtəsi kimi tarixə düşə bilər.

O, hakimiyyətə gələndə Ukrayna cəmiyyəti köhnə elitalardan, korrupsiyalaşmış siyasi sinifdən və illərlə təkrarlanan, lakin nəticə verməyən vədlərdən dərin yorğunluq yaşayırdı. Zelenski bu yorğunluğun məhsulu idi. Yəni sistemdən kənar, “adi insan” obrazı, kompromissiz dəyişiklik vədi və emosional ünsiyyət tərzi ilə seçkiləri qazandı. Onun hakimiyyətinin başlanğıcı ümidlərlə yüklənmişdi, lakin zaman keçdikcə bu ümidlərlə real siyasətin sərt qaydaları arasında ciddi ziddiyyətlər ortaya çıxdı.

Zelenskinin hakimiyyət dövrünü müəyyən edən əsas faktor müharibə oldu. 2022-ci ildən sonra o, artıq təkcə Ukraynanın prezidenti deyil, Qərbin Rusiya ilə geosiyasi qarşıdurmasında simvolik fiqura çevrildi. Bu mərhələdə Zelenskinin əsas dayağı daxili siyasi elitalardan daha çox, beynəlxalq havadarlar ABŞ, Avropa İttifaqı və NATO ölkələri oldu. Onun legitimliyi tədricən seçki nəticələrindən yox, “müharibə dövrünün lideri” statusundan qaynaqlanmağa başladı. Bu isə Ukraynanın suveren qərarvermə imkanları ilə Qərbin strateji maraqları arasında incə və təhlükəli balans yaratdı. Zelenski Qərbin gözündə demokratik müqavimətin simvolu, Ukrayna cəmiyyətinin bir hissəsi üçün isə ölkəni ayıq saxlayan lider idi. Digər bir hissə üçünsə, ölkəni uzunmüddətli və dağıdıcı müharibənin içinə sürükləyən siyasi fiqur.

Hakimiyyətə gələrkən verdiyi vədlərlə real nəticələr arasındakı fərq Zelenskinin ən çox tənqid olunan cəhətlərindən biridir. O, sülh vəd etmişdi, lakin tarixdə Ukraynanın ən qanlı müharibəsinin prezidenti kimi yadda qaldı. Korrupsiyaya qarşı mübarizə aparacağını bildirmişdi, amma müharibə şəraiti bu mübarizəni ya ikinci plana keçirdi, ya da onu seçici və situativ hala gətirdi. Dövlət institutlarının gücləndirilməsi, hüquqi dövlətin möhkəmləndirilməsi kimi hədəflər isə fövqəladə vəziyyət rejimi fonunda faktiki olaraq donduruldu. Bu mənada Zelenskinin verdiyi bir çox vədlər ya yarımçıq qaldı, ya da müharibənin kölgəsində “təxirə salınmış məqsədlər”ə çevrildi.

Zelenskinin nail olmaq istədiyi əsas məqsəd Ukraynanın geri dönüşü olmayan şəkildə Qərb blokuna inteqrasiyasıdır. NATO və Aİ üzvlüyü onun siyasi mirasının mərkəzində dayanır. O, Ukraynanı postsovet boz zonasından çıxarıb Avroatlantik məkanın ön cəbhə dövlətinə çevirmək istəyir. Bu hədəf strateji baxımdan anlaşılandır, lakin onun bədəli son dərəcə ağırdır. Böyük insan itkiləri, iqtisadi dağıntı, demoqrafik böhran və uzunmüddətli asılılıq riski buna misal ola bilər.

Tarixdə Zelenskinin necə yadda qalacağı sualı hələ açıqdır və cavab bir neçə ssenariyə bağlıdır. Əgər Ukrayna ərazi bütövlüyünü bərpa edə, təhlükəsizlik zəmanətləri əldə edə və müharibədən sonra real dövlət quruculuğu mərhələsinə keçə bilsə, Zelenski milli müqavimətin simvolu və dövlətçiliyi qoruyan lider kimi xatırlanacaq. Lakin müharibə uzanarsa, Ukrayna zəifləmiş, parçalanmış və uzunmüddətli xarici asılılıq vəziyyətində qalarsa, o zaman Zelenski emosional ritorika ilə idarə edən, amma strateji nəticələrdə uğursuz olan lider kimi tarixə düşə bilər.

Subyektiv görüşüm belədir ki, Zelenski nə tam qəhrəman, nə də sadəcə avantürist siyasətçidir. O, öz dövrünün məhsulu, böhran şəraitində formalaşmış və qərarlarını ekstremal şərtlər altında vermiş liderdir. Onun hakimiyyəti Ukrayna üçün dönüş nöqtəsidir, lakin bu dönüşün yüksəlişə, yoxsa uzunmüddətli zəifləməyə aparacağını zaman və müharibənin yekunu müəyyən edəcək. Tarix isə Zelenskini niyyətlərinə görə yox, məhz bu yekunun nəticələrinə görə mühakimə edəcək.

Politoloq Turan Rzayev