Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu bildirib, lakin ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə üçtərəfli danışıqlara üstünlük verdiyini vurğulayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
Zelenskinin sözlərinə görə, onun Rusiya tərəfi ilə birbaşa razılaşması yoxdur, çünki danışıqlar əvvəlcə Tramp vasitəsilə aparılıb. O qeyd edib ki, ilkin olaraq üçtərəfli görüş nəzərdə tutulsa da, Tramp Rusiya tərəfi ilə əlaqədən sonra əvvəlcə ikitərəfli görüş keçirməyi, sonra isə üçtərəfli formata keçməyi təklif edib ki, bu da Moskvanın mövqeyi olub.
Zelenski əlavə edib ki, hər hansı şərt irəli sürmək istəmir, çünki bunlar sonradan münaqişənin həlli yolunda maneə kimi istifadə oluna bilər. Buna baxmayaraq, o, dərhal üçtərəfli formatın daha məqsədəuyğun olduğunu qeyd edib.