Zelenskini prezident olmağa bu jurnalist razı salıb – “Dedim, xalq səni dəstəkləyəcək”backend

Zelenskini prezident olmağa bu jurnalist razı salıb – “Dedim, xalq səni dəstəkləyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sən demə, Ukrayna prezidenti Volodimir Zelenskinin böyük siyasətə gəlməsində tanınmış ukraynalı jurnalist Dmitri Qordon tarixi rol oynayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalist “Youtube”da yayımlanan “Pinkus news” kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, gələcək prezidentlə ilk dəfə “İnter” telekanalında yayımlanan verilişdə tanış olub. Həmin dövrdə gənc Zelenski mətbəx yarışı barədə verilişin aparıcısı olub.

“Mənim ilkin təəssüratım belə idi: son dərəcə isti, yaxşı, həssas, ləyaqətli, səmimi, yaraşıqlı oğlandır. O, həm də gözəl təşkilatçı oldu, “95-ci Kvartal” imperiyasını qurdu. O, öz böyük pullarını oğurlamadı. O, həmin pulları qazandı və gənclərə də bunu qazanmaq imkanı yaratdı. Mən bunu görürdüm, proses gözümün qabağında baş verirdi”, – deyə jurnalist bildirib.

Sonra Qordon 2018-ci ildə Zelenskinin prezident seçkilərinə necə qatılması barədə hadisəni danışıb. O, bildirib ki, həmin ildə Ukraynanın böyük şəhələrində 30 yaradıcılıq gecəsi keçirərkən o dövrdə artıq Poroşenkodan bezən tamaşaçılar ona 2019-cu il seçkilərində kimin prezident olacağı barədə sual veriblər.

“Mən artıq ekspromptla dedim ki, gəlin səsvermə keçirək. Mən altı namizədin adını çəkdim. Timoşenko, Poroşenkonun adlarını çəkəndə bir neçə nəfər əllərini qaldırdı. “Kim Zelenskiyə səs verər?” sualını verəndə zalın 90 faizi əlini qaldırdı. Mən də öz-özümə dedim ki, əcəb işdir”.

Jurnalist danışıb ki, digər şəhərlərdə də bənzər hal təkrarlanıb, hətta bəzi şəhərlərdə zaldakı insanların 95, 100 faizi Zelenskini prezident görmək istədiklərini bildiriblər. Qordan isə videoya çəkilən bütün görüşləri “Youtube”da yerləşdirib.

“22 noyabr 2018-ci ildə hörmətli bir insanın doğum günü idi. Zelenski və “95-ci kvartal” tədbiri aparırdı. Onlar tez-tez korporativ tədbirləri aparırdılar. Otaqda 50-yə yaxın vəzifəli şəxslər, varlı biznesmenlər, o cümlədən Ukraynanın müxtəlif dövrlərdəki 4 prezidenti vardı, 5-ci prezident isə tədbiri aparırdı (gülür). Fasilə zamanı həyat yoldaşımla mən Vladimir Zelenskini görmək üçün səhnə arxasına keçdik. Bu, tarixi faktdır. Mən ondan soruşdum ki, “görmüsən?”. Zelenski dedi: “Gördüm, mən şokdayam”. “Get” deyirəm. Deyir: “Bu haqda düşünmək lazımdır”. Mən isə deyirəm ki, “Fikirləşəcək nə var? Getmək lazımdır”. Zelenski cavabında “Xalq dəstəkləyərmi?” sualını verir. “Əlbəttə, dəstəkləyəcəklər”, – mən dedim”, – Qordon xatırlayır.

Ukraynalı jurnalist əlavə edib ki, məhz həmin görüş zamanı dekabrda Zelenski ilə müsahibə edəcəyi və həmin müsahibə zamanı onun seçkilərə gedəcəyini elan etməsi barədə razılığa gəlirlər: “O, müsahibəyə hazırlaşır və seçkiyə 4 ay qalmış yalnız mənə üç saatlıq müsahibə verir. Bu müsahibəni 28 milyon tamaşaçı izləmişdi. 2019-cu ildə isə Zelenski prezident seçildi. Onun ölkə prezidenti olmasına çox sevindim. Mən onu həqiqətən sevirdim. O, prezident olanda da aramızda isti münasibət vardı. O, heç dəyişmədi: yenə də nəzakətli, həssas və mehriban insan idi”.

Qordon deyib ki, siyasətlə məşğul olmaq istəmədiyindən 2020-ci ildə Zelenskinin mədəniyyət və informasiya siyasəti vəzifəsini tutmaq təklifindən imtina edib. Sonradan isə Zelenskinin yürütdüyü siyasətdə bəzi məqamlar xoşuna gəlmədiyindən mətbuat konfranslarında hamının içində onun üzünə tənqidlərini söyləyib:

“Mən söz azadlığına qarşı hücumları sevmədiyimi dedim. Sonra deoliqarxizasiya qanunu gəldi. Bu, çox hiyləgər və qeyri-şəffaf qanun idi və nəticədə iflasa uğradı. Sevmədiyim üçüncü şey isə Zelenskinin çevrəsində çoxlu axmağın olması idi. Deyirdim, Volodimir Aleksandroviç, sizi axmaqlar əhatə edir və adlarını çəkirdim. Zaman göstərdi ki, mən haqlıyam. Bu adamlar axmaq, satqın çıxdılar. Çünki mənə heç nə lazım deyildi, ölkəmin etibarlı əllərdə olması, yaxşı inkişaf etməsi və kapitallaşması lazım idi. Çünki ölkə kapitallaşanda mən də kapitallaşıram”.

Qordon diqqətə çatdırıb ki, prezident onun tənqidlərinə loyal yanaşdığından o, efirdən ölkə prezidentinin ünvanına “Bundan sonra Zelenski mənim üçün ölüb” kimi ağır ifadə işlədib.

“Dediklərimə görə peşman oldummu? Bəli, düzünü deyəcəyəm. Mən belə deməməliydim, düzgün deyildi. Amma bunlar mənim hisslərim idi. Bəzən azad insan olduğum üçün hisslərimi gizlədə bilmirəm. Mən peşmanam. Bundan sonra, əlbəttə, prezidentlə münasibətim tamamilə pozuldu. O, insan kimi məndən incidi. O, mənim belə deməyimi gözləmirdi. Bildiyim qədər, ona çox ağır gəlmişdi. Amma mənə qarşı heç bir repressiyaya yol verilmədi”, – jurnalist etiraf edib.

Jurnlaist deyib ki, amma müharibə başlayandan sonra Zelenskiyə münasibəti tamamilə dəyişib, çünki prezident özünü qəhrəman kimi aparıb: “O, ilk gün qaça bilsə də, qaçmadı. Hörmətli ölkələrin rəhbərləri təxliyə üçün ona təyyarə və helikopter təklif etsələr də, o, tarixə düşəcək məşhur ifadəni söylədi: “Mənə taksi deyil, silah lazımdır”. O, böyük dövlət xadimi oldu, rus faşizminə qarşı silahlı müqavimətə rəhbərlik etdi, ən ağır şəraitdə Ukraynanın başında dayanır. O, çox dəyişib. O, şən, havalarda uçan insan idi. Baxın, o, qocaya çevrilib. Bunu incitmək mənasında demirəm. Amma artıq o, başqa insandır. Onun daxili yanmış səhradır, əminəm. Və bu taleyi heç kimə arzulamaq istəməzdim”.

Qordon onu da qeyd edib ki, Ukraynanın bəzi keçmiş prezidentləri ona “Bilirsən, mən Zelenskinin yerində olmaq istəməzdim” deyib.

“O, afərindir. O, qəhrəmandır. O, dözümlüdür. O, xarakter nümayiş etdirdi, hətta ona təzyiq edildiyi yerdə belə dişini göstərir. Görün, Putin və Tramp ona necə təzyiqlər edirlər. Hamı ona təzyiq edir. Amma o, dayanır. Afərin! Mən onu alqışlayıram. Mən müharibənin ilk günü dedim ki, sonadək bu prezidentlə olacağam. Mən onunla çiyin-çiyinə dayandım. Mən ona ölkə üçün gördüyü işlərə görə çox minnətdaram”, – deyə Qordon vurğulayıb.

Xatirə SADİQ