Zəngilanın Ağalı kənd sakinlərinin qayıdışla bağlı təklifləri öyrənilibbackend

Zəngilanın Ağalı kənd sakinlərinin qayıdışla bağlı təklifləri öyrənilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvlərinin Abşeron rayonunun Masazır kəndində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri ilə görüşü olub.

Dövlət Komitəsindən NOCOMMENT-ə verilən məlumata görə, görüş Böyük Qayıdışa hazırlıq ərəfəsində məcburi köçkünlərlə dialoqu davam etdirmək, köçürülmə strategiyası ilə bağlı fikir mübadiləsi, məlumatlandırma və maarifləndirmə işi aparmaq məqsədilə keçirilib.

İşğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə Zəngilan rayonunun üçüncü Ağalı kəndində icrasına başlanan “ağıllı kənd” layihəsinin xüsusiyyətləri barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Ən müasir texnologiyaların tətbiq edilməsi ilə yenidən qurulacaq yaşayış məntəqələrinə köçürülmənin könüllülük prinsipi ilə, ləyaqətlə və təhlükəsizlik şəraitində həyata keçiriləcəyi diqqətə çatdırılıb.

Ağalılılar “ağıllı kənd” layihəsinin ilk dəfə onların ata-baba yurdunda həyata keçirilməsinə görə fərəh hissi keçirdiklərini və dövlətimizin başçısına minnətdar olduqlarını bildiriblər. Layihə üzrə işlərin gedişi barədə məlumatları maraqla izlədiklərini vurğulayan kənd sakinləri işğaldan azad edilmiş doğma yurd yerlərinin hazırkı vəziyyətini görmək istəklərini İctimai Şura üzvlərinə çatdırıblar. Eyni zamanda yenidən salınan kəndə köçürülmənin təşkili ilə bağlı fikirlərini ifadə edib, bir sıra təkliflər irəli sürüblər. Köçürülmə zamanı əvvəllər kənddə mövcud olan ənənələri nəzərə almağın vacibliyi vurğulanıb. Ağalı kəndindən olan gənclər qayıdışdan sonra məşğulluğun təmin edilməsi məsələsi ilə bağlı rəy və arzularını bildiriblər.

İctimai Şuranın sədri Anar Xəlilov səsləndirilən bütün təkliflər əsasında hesabat hazırlanacağını, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim olunacağını qeyd edib.

Görüşdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mövsumov, Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.