Zibil qutusu üstündə ağ-qara dünya və ya yaşlılar niyə “Qış parkı”ndan şikayətçidir – FOTObackend

Zibil qutusu üstündə ağ-qara dünya və ya yaşlılar niyə “Qış parkı”ndan şikayətçidir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşdən sonra bir az piyada gəzmək üçün dayanacağa kimi “Qış parkı”ndan keçərək getməyi qərara aldım. Hava qaraldığı üçün parkda tək-tük insan gözə dəyirdi, onlar da tələsə-tələsə mənzil başına gedirdilər. Bu an kənarda, bir skamyanın yanında dayanan üç yaşlı kişi nəzərimi çəkdi. Onların bütün fikri zibil qutusunun üstünə qoyduqları şahmat taxtasındakı fiqurlarda idi. 

Bir az kənardan onları izlədikdən sonra yaxınlaşmaq qərarına gəldim. Çox səmimi bir şəkildə həmsöhbət oldular.

NOCOMMENT.az xəbər verir ki, hava şəraiti imkan verdikcə onlar hər gün bura gəlir, şahmat oynayırlar.

“Tək biz yox, günorta bura gəlsəniz, o skamyalarda nə qədər insanın şahmat, dama, nərd oynadığını görərsiniz”, – deyə Akif Mustafayev bildirdi. Sonra isə gileyləndi:

“Bu parkda o restoran (əli ilə göstərir – red.) yerləri var ha, əslində ora qocalar üçün istirahət yeri olmalıdır. Şüşədən hazırlanıb ki, yaşlılar belə havalarda gəlib mədəni istirahətlərini etsinlər, vaxtlarını keçirsinlər. Amma o şüşəbəndləri restoran ediblər. Bütün parklarda belədir”.

Digər həmsöhbətim Elxan Türkoğlu bu mənada xarici ölkələri misal çəkdi:

“Xaricə baxın, orada parklarda görün necə istirahət yerləri var… Pensionerlər gedir, vaxtlarını orada keçirirlər. Bakıda belə yer bir dənə bulvarda var, o da pulludur”.

Mirxəlil Kərimov isə parkdakı şəraitsizlikdən şikayətləndi:

“Bu boyda park düzəldilib, ancaq əl yumağa su tapılmır. Soyuq və ya günəşli havada burada istirahət etmək mümkün deyil. Burada üç günə elə şərait yaratmaq olar ki…”

Akif müəllim yenidən söhbətə qoşularaq parka hər gün gələn yaşlı insanlar arasında övladları müharibədə iştirak edən, şəhid, qazi olan, ya da hələ də hərbi xidmətdə olan valideynlərin də olduğunu vurğuladı:

“Çox istərdim ki, bizim üçün də burada şərait yaradılsın. Heç olmasa dekabrdan-may ayına kimi – cəmi beş ay üçün burada şüşəbəndlərdən istirahət yerləri düzəldilsə, bəsdir. Biz də ürək açıqlığı ilə mədəni istirahətimizi edərdik”.

oxu.az