Ziya Məmmədovun yaratdığı problem: Sökülür…backend

Ziya Məmmədovun yaratdığı problem: Sökülür…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Darboğazlar məsələsi Bakıda hazırda problemli məsələlərdən biridir. Çox təəssüf ki, keçmiş nəqliyyat nazirinin dövründən qalıb. Yol şəbəkəsini inkişaf etdirmək əvəzinə, tərsinə işlər görülüb, nəticədə belə bir xaotik sistem yaranıb. Babək prospektində bu, daha qabarıqdır və insanları çox narahat edir.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri axar.az-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı AYNA-nın Bakı şəhərində darboğazlarla bağlı həyata keçirəcəyi yol layihəsinin effektivliyi haqqında danışarkən deyib.

Onun sözlərinə görə, paytaxtda tıxac probleminin həllinə yönəlmiş 7 layihədən birinin icrası razılaşdırılıb və məhz ilkin işlərin bu istiqamətdə aparılması düzgün yanaşmadır:

“Heydər Əliyevlə Babək prospektinin birləşdiyi nöqtədə üzü şəhər istiqamətində sürücülər demək olar ki, hər gün əziyyət çəkir. Bir neçə zolaqdan ibarət yol gəlir və bir hissədə daralma baş verir. Çünki bunun xronometrajı düzgün aparılmayıb. Bu sistem mükəmməl şəkildə işlənə bilərdi, amma işlənməyib.

Artıq icrasına başlanılan layihə çərçivəsində Babək prospektinin köməkçi hərəkət hissəsi ilə Yeni Günəşli qəsəbəsi istiqamətindəki nəqliyyat vasitələri və dairədəki nəqliyyat vasitələri arasında hərəkət növbəliliyinin təmin edilməsi üçün işıqforlar olacaq. Digər istiqamətlərdə isə dairəvi hərəkətin təşkili nəzərdə tutulur. Babək prospektinin köməkçi yolu ilə Mikayıl Əliyev küçəsi və şəhər mərkəzi istiqamətində hərəkət edən nəqliyyat axınlarını bir-birindən ayıran yarımdairə ləğv edilərək vahid dairə ilə əvəz olunacaq. Bütün istiqamətlərdə piyada keçidləri və yol nişanları təşkil ediləcək”.

Ekspert layihənin düzgün planlaşdırıldığını və nəticənin də effekt verəcəyini hesab edir:

“Boğazların genişləndirilməsi, nəqliyyat axınının normal formada təmin edilməsi vacibdir. Düzdür, ağır layihələrdir, bir xeyli narahatlıq yaradacaq. Amma dözməliyik. Çünki normal yol şəbəkəsi qurulmalıdır. Görürük ki, qurulur artıq. Ümumilikdə effekt gözləyirik. İşlər də ona hesablanıb ki, nəticəsi yaxşı olsun və tıxaclardan canımız qurtarsın. AYNA tərəfindən bu layihələrin bir neçə dəfə təhlil edildiyi deyilir. Təkcə Babək prospektində deyil, bir neçə ərazidə bu tipli problem var və digər 6-sının da mərhələli şəkildə həllini gözləyirik. Hamısını eyni vaxtda etmək çətin olar”.