Zülfüqarov: O, yalnız Kremlin istifadə etdiyi fiqurdurbackend

Zülfüqarov: O, yalnız Kremlin istifadə etdiyi fiqurdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq prezidenti R.Köçəryanın indiki halda Rusiyanın dəstəyi ilə əldə edə biləcəyi maksimum nailiyyət Ermənistan parlamentində mandat əldə etməkdir. Bunun xaricində nəsə əldə edəcəyini düşünmürəm. Onun seçkiqabağı kampaniyasına Rusiyadan başlaması bununla əlaqədərdir.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın sabiq prezidenti R.Köçəryanın Ermənistandakı seçkiqabağı kampaniyasına Rusiyadan başlaması haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, R.Köçəryan indiki halda elə də ciddi bir siyasi fiqur deyil və Kreml ondan sadəcə, Ermənistan Baş naziri Nikol Paşinyana qarşı təzyiq vasitəsi kimi istifadə edir: “Bu gün Ermənistanda və Rusiyada ağlı başında olan insan anlayır ki, R.Köçəryan məğlubiyyətin simasıdır. Köçəryanın Ermənistanda dəstəkçiləri çox azdır, keçirilən sosial sorğularda bunu təsdiqləyir. Bu mənada onun yenidən siyasətə qayıtmaq istəyi çoxlu suallar yaradır.

R.Köçəryan “Miatsium” hərakatının və Qarabağda törədilən qırğınların ən fəal üzvü, təşkilatçılarından olub. Lakin bu gün Ermənistanın əlində nə Qarabağ qalıb, nə də yaradılan o “məğlubiyyətsizlik” mifi. Əvəzində isə minlərlə meyiti, yaralısı və gələcəyə ümidi olmayan erməni gənci var. Köçəryanın 30 illik mübarizəsi, fəaliyyəti 44 günlük müharibə zamanı Azərbaycan tərəfindən büsbütün iflasa uğrayıb.

Bu gün Rusiyanın Köçəryana dəstək verdiyi bilinən bir həqiqətdir. Çünki bu şəxs ruspərəstdir və Kreml onu Ermənistanda görmək istəyər. Lakin rəsmi Moskvanın da Köçəryanın Ermənistanda hakimiyyətə gətirmək imkanları xeyli azalıb. Hesab edirəm ki, bu gün Köçəryan real namizəd deyil, sadəcə, Kremlin istifadə etdiyi fiqurdur”.