KoronaVirus İnformasiya Portalı
Zülfüqarov: Rus sülhməramlıları – təhlükə, yoxsa…backend

Zülfüqarov: Rus sülhməramlıları – təhlükə, yoxsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun teleqraf.com-a müsahibəsini təqdim edir:

– Tofiq müəllim, Azərbaycan və Ermənistan arasında faktiki müharibə dayandırıldı, əraziyə sülhməramlılar daxil oldu. Bundan sonrakı gedişatın ssenariləri necə olacaq?

– İndi biz münaqişənin hərbi fazasının bitdiyinə yaxınıq. Bu prosesin siyasi fazası başlayıb. Bu siyasi fazanın əsas elementi ondan ibarətdir ki, artıq münaqişə bölgəsində sülhməramlı qüvvələr var və eyni zamanda müşahidəçilər də olacaq. Artıq sülhməramlı əməliyyat beynəlxalq forma alır, burada Rusiya ilə yanaşı Türkiyə də iştirak edəcək. İndiki mərhələdə əsas məsələ ondan ibarətdir ki, bu münaqişənin iştirakçısı və etnik tənzimləmələri həyata keçirən amil kimi Ermənistan aktiv fazadan çıxır. Qısa müddətdə, iki həftə ərzində onun qoşunları Azərbaycan ərazilərini tərk etməlidirlər. Bununla da yeni siyasi mənzərə yaranacaq. İndi münaqişəyə dair əsas elementlər bundan ibarətdir.

– Siz Rusiya sülhməramlılarının gəlişini nə dərəcədə təhlükəli hesab edirsiniz? Bəzi şəxslər keçmiş təcrübəyə istinad edərək deyirlər ki, sülhməramlılar qarşılarına qoyulan səlahiyyətlərdən kənara çıxa bilərlər…

– Bilirsinizmi, bu kimi təhlükələr mövcuddur. Amma mənim bu məsələni qabardanlara sualım var: Əgər sülhməramlılar gəlməsəydi, sabah Xankəndidə döyüşlər başlayacaqdı. O zaman biz qarşımızda erməniləri görəcəkdik, yoxsa rusları? Hansısa bir rolda… Mənim özümdə bu suala cavab yoxdur. Əminliklə deyə bilmərəm ki, hansısa mərhələdən sonra orada Rusiya hərbçiləri qarşımıza çıxmayacaqdı. Məsələyə bu nöqteyi-nəzərdən baxanda aydın olur ki, Azərbaycanın atdığı addımlar məntiqlidir.

İkincisi, unutmayaq ki, biz indiki mərhələdə Azərbaycanın daxili köçkünlərin 90-95 faizinin öz evlərinə qayıtması fazasına yaxınıq. Yəni bu insanlarımızın ata-baba yurduna qayıtmaq imkanı yaranıb. Dekabrın 1-dən sonra Xankəndi, Ağdərə, Xocavəndə qayıtmalı olan qaçqınlarımızın bura necə qaydacağının mexanizmi hələlik bəlli deyil. Bunları çıxdıqda böyük əksəriyyət öz yurd-yuvalarına qayıtmaq imkanı əldə edəcək. Üç rayonun təhvil verilməsini nəzərə alsaq, torpaqların əhəmiyyətli qismi hərbi əməliyyatların nəticəsində deyil, siyasi gedişlərin sayəsində geri qaytarılacaq. Başqa sözlə, şəhid vermədən, itki yaşamadan, qazi olmadan biz strateji rayonlarımızı geri alacağıq.Əlbəttə ki, bu böyük addım sayılmalıdır.

Sözsüz ki, mənzərə mürəkkəbdir. Bunun həm pozitiv elementləri var, həm də mənfi, narahatlıq doğuran elementləri olmamış deyil. Lakin biz məsələyə ümumi baxdıqda görürük ki, bizim xeyrimizə olan məsələ və nəticələr mənfi elementlərdən daha çoxdur.

– Türkiyənin bu prosesdə iştirakını necə qiymətləndirmək olar, mənzərə belədir ki, sanki ruslar türklərin bu işlərdə fəal olmasına qısqanclıq konteksində yanaşır və bu reallığı qəbul etmək istəmirlər…

– Bilirsinizmi, burada çoxlu elementlər var. Türkiyə onsuz da Azərbaycanın digər bölgələrində, konflikt zonasında ən azı müşahidəçi qismində çıxış edəcək. Buna heç bir şübhə yoxdur. Çünki bu qərar daha çox Azərbaycandan asılıdır. Azərbaycanın mövqeyi də bəllidir.

İkincisi, bir məsələ də xüsusi əhəmiyyətli görünür. Biz görürük ki, Rusiya arzu etdiyi hədəfə nail olmayıb.

– Siz hansı hədəfi nəzərdə tutursunuz?

– Diqqət edin, müşahidələr göstərir ki, erməni ictimai rəyində Rusiya ermənilərin xilaskarı kimi qəbul edilməyib. Böyük ehtimal budur ki, Nikol Paşinyan hakimiyyətdə qalmaqda davam edəcək. Yəni hərbi əməliyyatlardan əvvəlki vəziyyətlə indiki vəziyyəti müqayisə edəndə görürük ki, əslində Rusiya özünün strateji məqsədlərinə çata bilməyib. Mənim ehtimalım budur ki, Rusiyanın Ermənistanla və erməni siyasi elitası arasında indiyə qədər müşahidə olunan böhranlı vəziyyət davam edəcək.

– Siz Azərbaycan-Türkiyə və Azərbaycan-Rusiya münasibətlərini necə qiymətləndirirsiniz, bu münasibətlərdə yeni tendensiyalar özünü ifadə edirmi?

– Hesab edirəm ki, münasibətlər normal vəziyyətdədir. Bu ölkələrin arasında yüksək səviyyədə kontaktlar müşahidə olunur, eyni zamanda siyasi proseslər gedir. Deyərdim ki, normal vəziyyət hökm sürür. Ümumiyyətlə, bu münasibətləri yüksək qiymətləndirmək olar.

– Necə hesab edirsiniz, biz problemin köklü həllinə nail olmuşuq, ya ona yaxınlaşmışıq?

– Yox, hələ məqsədlərimizin tam şəkildə həyata keçirilməsinə nail olmamışıq. Bunu biz başa düşməliyik. Sadəcə olaraq, Azərbaycanın tam süvernliyinə nail olmaq üçün hələ mübarizə və siyasətimiz davam edəcək. Sadəcə, bundan sonra mübarizəmiz hərbi yollarla deyil, siyasi yollarla irəliləyəcək. Amma bir daha qeyd edim ki, biz məsələnin böyük bir hissəsini həll edə bilmişik.

Mən bir daha o məqama qayıtmaq istəyirəm ki, bizim didərgin düşmüş əhalimizin 90-95 faizi öz evlərinə, torpaqlarına qayıtmaq imkanı qazanır. Bu, həm də həmin əraziərdə Azərbaycan dövlətinin süverenliyinin bərpa olunması deməkdir. Açığı, bu, böyük bir irəliləyişdir. Biz məsələnin azı 90 faizinə nail olmuşuq. Bunlar ciddi uğurlar sayılmalıdır.