Qətl hadisəsi ilə bağlı yeni faktlar açıqlanıb.
Hadisə şahidi Züleyxa İskəndərova NOCOMMENT.az -ın Şimal bürosuna açıqlama verib.
O, gördüklərini belə ifadə edib:
“Anası çay dəmləmək istəyirdi. Mən divanda oturmuşam, xəstə adamam. Birdən qışqırıqlarını eşitdim.
Həqiqət xala, qoyma, deyirdi. Oğlu birdən bıçağı qarnına soxdu. Stulu atdım ki, vurum başına, buraxsın bıçağı əlindən. Stul belinə düşdü, atdı bıçağı, çıxdı getdi. Təcili Yardım çağırıldı, ama çox gec gəldilər.
İşlə bağlı danışırdılar. Deyirdi ki, sən briqadirsən, niyə kişilərlə danışırsan?.. Bu da deyirdi ki, yaxşı edirəm, qorxu yox idi”.
Qeyd edək ki, qətlə yetirilən qadının 2 oğul övladı var. Hadisəni ailənin kiçik övladı törədib. Qətl hadisəsi törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə polis tərəfindən saxlanılıb.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başladılıb, istintaq araşdırmaları aparılır.
***15:50
Astarada 17 yaşlı oğulun anasının öldürməsinin səbəbi məlum olub.
Bu barədə NOCOMMENT.az -ın Şimal bürosuna qətlə yetirilən Həqiqət Məmmədovanın qohumu Güldənə Məmmədova məlumat verib.
G.Məmmədovanın sözlərinə görə, qətl hadisəsi telefona görə olub. O, bildirib ki, ana telefonunu oğluna vermədiyinə görə cinayət baş verib.
Videonu təqdim edirik:
***15:07
Xaçmaz rayonunda ağır qətl hadisəsi baş verib. Həqiqət Tərlan qızı Məmmədova xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Bunu həkim-travmatoloq Orxan Şeydayev NOCOMMENT.az -ın Şimal bürosuna açıqlamasında deyib.

“29 oktyabr axşam saat 19:30 radələrində 1983-cü il təvəllüdlü şəxs (qadın) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona döş qəfəsinin, qarnın ön divarının kəsilmiş-deşilmiş yaraları, daxilə nüfuz etməklə sol dirsək oynağının, sol əlinin ovuc səthinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin olunub.
Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin səylərinə baxmayaraq oktyabrın 30-da 19:15 radələrində bioloji ölüm faktı qeydə alınıb”, – həkim bildirib.
***11:32
Xaçmaz rayonunda ağır qətl hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, rayon sakini, 42 yaşlı Həqiqət Tərlan qızı Məmmədova kəsici alətlə qətlə yetirilib.
Hadisə ilə bağlı Xaçmaz polisi tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən mərhumun 17 yaşlı oğlu saxlanılıb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanılıb.













