Səhmdarlar baş direktor İlon Maska təxminən 1 trilyon dollarlıq təzminat paketi ödənilməsinə səs verməlidirlər, əks halda o, “Tesla” şirkətini tərk edə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə CNBC News telekanalı “Tesla” şirkətinin direktorlar şurasının sədri Robin Denholmun səhmdarlara məktubuna istinadən məlumat yayıb.
Xanım Denholm nəzərə çatdırıb ki, İlonsuz “Tesla” şirkəti əhəmiyyətli şəkildə dəyərini itirə bilər. Onun sözlərinə görə, amerikalı milyarder şirkətin gələcəyinin açarıdır.
Noyabrın 5-dək səhmdarlar tərəfindən təsdiq edilməli olan ödəniş təklifi etirazla üzləşib. “Institutional Shareholder Services” konsaltinq şirkəti “astronomik” məbləğ səbəbindən bu təklifin əleyhinə səs verməyi tövsiyə edib.
Xanım Denholm iddia edir ki, iş “təzminatla daha az, səsvermənin təsiri ilə daha çox bağlıdır”. Onun sözlərinə görə, İlon Mask “süni intellektə pis şeylərin baş verməsinin” qarşısını almaq üçün kifayət qədər təsir sahibi olmaq istəyir. Direktorlar Şurasının sədri bununla Optimusun “robot ordusu” üzərində nəzarətlə bağlı narahatlıqları nəzərdə tutub.
“Tesla” səhmdarları noyabr ayında növbəti 10 il ərzində İlon Maska 1 trilyon dollar ödəmək təklifi ilə bağlı səsvermə keçirəcəklər. Bu sövdə həm də Maskın şirkətdəki payını 13%-dən 25%-ə yüksəldəcək. Bununla belə, Mask bu məbləği yalnız lazımi göstəriciləri əldə etdiyi halda alacaq. Bunun üçün o, 20 milyon avtomobil, kommersiya əməliyyatında 1 milyon robotaksi tədarük etməklə şirkətin dəyərinin 8,5 trilyon dollara qalxmasına nail olmalıdır, eləcə də 1 milyon Optimus insanabənzər robotu təhvil verməlidir.
Xatirə SADİQ













