Son zamanlar müxtəlif iaşə obyektlərində 3-4 manata kabab satışı gözə dəyir. Qiymətin aşağı olması bəzi vətəndaşlar üçün cəlbedici görünsə də, əslində bu cür məhsulların tərkibi və hazırlanma prosesi ciddi suallar doğurur. Ət məhsullarının bazar qiymətlərini və ərzaq inflyasiyasını nəzərə aldıqda, belə aşağı qiymətə təqdim olunan kababların hansı ətdən hazırlandığına dair narahatlıq artır.
Mövzunu NOCOMMENT.az -a qida məsələləri üzrə ekspert Asim Vəliyev şərh edib.
“Birincisi, hazırda dana və qoyun ətinin 1 kiloqramı orta hesabla 15-20 manat arasında dəyişir. Sadə hesabla desək, 200-250 qramlıq bir kababın maya dəyəri təkcə ətlə 3-4 manatı keçmiş olur. Belə olan halda, iaşə obyektləri bu kababları ya çox aşağı keyfiyyətli, ya da sağlamlıq üçün riskli ətdən hazırlayır.
Bəzi hallarda kababların tərkibində donmuş, vaxtı keçmiş, 2-ci və 3-cü dərəcəli heyvan ətlərindən, hətta mənşəyi məlum olmayan, qeyri-qanuni yollarla əldə edilmiş ət məhsullarından istifadə olunduğu aşkarlanıb.
Bu ətlər müxtəlif qatqılar, ədviyyatlarla qarışdırılaraq dadlandırılır və müştəriyə təqdim olunur. Hətta bəzən toyuq dərisi, içalat, sümük unu və ya soya mənşəli əlavələr də ətin yerini doldurmaq üçün istifadə edilir”.
Ekspertin sözlərinə görə, bu cür məhsullar insan sağlamlığı üçün təhlükə yarada bilər:
“Qida zəhərlənmələri, qaraciyər və mədə-bağırsaq problemləri, yoluxucu xəstəliklər kimi risklər bu ətlərin istifadəsi ilə birbaşa əlaqəlidir.
Üstəlik, bu məhsulların baytarlıq-sanitariya nəzarətindən keçmədiyi də ehtimal olunur. Bütün bunları nəzərə alaraq deyə bilərik ki. belə kabablardan istifadə insan sağlamlığı üçün ciddi təhlükədir”.









