44 günlük müharibəni “Talesizlər şəhəri” kimi simvollaşdırmaq kimə lazımdır, cənab Sadıqov?backend

44 günlük müharibəni “Talesizlər şəhəri” kimi simvollaşdırmaq kimə lazımdır, cənab Sadıqov?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Kitabxanasında “44 günün Şanlı Zəfəri” adlı ənənəvi kitab sərgisinin açılışı və Rəfiqə Sadıqovanın “Talesizlər şəhəri” kitabının təqdimat mərasimi keçirilib. Bu xəbəri adi informasiyalardan biri kimi oxuyub üstündən keçmək olardı. Amma informasiyanın mahiyyətinə varanda dayanmalı olursan, əslində isə acı təəssüf hissi keçirirsən, çünki “Azərbaycan” qəzetinin ahıl baş redaktorundan, az qala bir qərinə qədər olan deputatından belə bir tədbirin təqdimatını ciddi qəbul edə bilmirsən. Niyə?

NOCOMMENT.az konkret.az-a istinadla xəbər verir ki, suala elə həşəmətli baş redaktor özü cavab verir:

“Bu cür mənəviyyatdan bəhs edən kitabların yazılması çox vacibdir. Yazıçılarımız, qələm əhlimiz bu mənada borcludur. Böyük Zəfərdən 3 il keçir, bəs yeni əsərlər hardadır?”. Bu sözləri tərpənməz baş redaktor Bəxtiyar Sadıqov deyəndə bacısı Rəfiqə Sadıqovanı yazıçılara nümunə gətirir. Hələ üstəlik bacısı üçün keçirdiyi təqdimat mərasimi haqqında “əbədi” baş redaktoru olduğu rəsmi dövlət qəzetinin bugünkü sayında böyük bir yazı da verdirir.

Rəfiqə xanımın yazıçı olduğunu indi öyrənsək də, jurnalist olduğunu Kiçik Qafqaz dağlarının şimal-şərq tərəflərində bilməyən yoxdur. Belə ki, o da qardaşı kimi tərpənməz redaktordur, üçüncü onilliyə keçir ki, “Gəncənin səsi”nin başındadır.

B.Sadıqov kitabın Böyük Zəfərimizə həsr olunduğunu desə də, R.Sadıqovanın kitabı “Talesizlər şəhəri” adlanır. 44 günlük müqəddəs müharibəmiz Vətəni bütünləşdirdi, onun bəxtəvər günlərinin əsasını qoydu və bu tarixi prosesi “Talesizlər şəhəri” adı ilə simvollaşdırmağın nəyə işarə vurduğunu ədəbiyyatşünaslar araşdırsalar, daha yaxşı olar.

Söz yox ki, qardaşının, bacının, doğmalarının gözəl əməlləri ilə fəxr edə bilərsən. Burada qəbahət heç nə yoxdur. Sadəcə, adama ağır gələn odur ki, belə bir cəhd, təşəbbüs bəh-bəhlə, təntənə ilə gözə soxulur, bu kitab və müəllif Azərbaycan yazıçılarına nümunə çəkilir. Axı yeni əsərlər yaratmaq kimi köhnə kommunist düşüncəsiylə göstəriş vermək nəyə və kimə lazımdır, cənab Sadıqov?! Məgər göstərişlə, tapşırıqla bədii əsər yazılır?! Bu, Ramiz Mehdiyevin, Əli Həsənovun, Vasif Talıbovun kitabları deyil axı göstərişlə yazdırıb, dövlət idarələrinə “paçka” ilə satdırasan. Bu, ədəbiyyatdır. Və Böyük Zəfərdən yazmağı Azərbaycan yazıçısı yaxşı bilir, bunun üçün ona orta statistik nümunələr göstərmək lazım deyil.