Azərbaycanda niyə qadın nazir yoxdur?backend

Azərbaycanda niyə qadın nazir yoxdur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya İqtisadi Forumunun “Qlobal Gender Bərabərsizliyi 2021″ hesabat yayıb. Qlobal Gender Bərabərsizliyi İndeksi dörd göstərici əsasında dəyərləndirilir: iqtisadi iştiraklılıq və fürsət; təhsil səviyyəsi; sağlamlıq; siyasi səlahiyyət.

Artıq 12-ci dəfədir İslandiya dünyada gender bərabərliyinə görə birinci yeri tutur. Ondan sonra Finlandiya, Norveç, Yeni Zelandiya, İsveç, Namibiya, Ruanda, Litva, İrlandiya və İsveçrə gəlir.

İndeks 156 ölkəni əhatələyir. Bu ildən indeksə salınan Əfqanıstan sonuncu – 156-cı yerdə qərarlaşıb. Azərbaycan sıralamada 100-cü yerdədir. Ermənistan 114, Gürcüstan 49, Rusiya 81, İran 150-cidir. Hesabatda deyilir ki, Azərbaycan daxil olmaqla, doqquz ölkədə bir nəfər belə qadın nazir yoxdur. Digər ölkələr Ermənistan, Bruney Darüssəlam, Papua Yeni Qvineya, Səudiyyə Ərəbistanı, Tailand, Vyetnam və Yəməndir.

Hesabatın əhatələdiyi ölkələrin hamısında sağlamlıq üzrə gender bərabərsizliyinin azı 93 faiz qapandığı, 56 ölkənin bu sahədə tam bərabərliyə nail olduğu vurğulanır.

Doğrudur, Azərbaycanda birinci vitse-prezident, Milli Məclisin sədri, ombudsman qadındır. Həmçinin ölkədə xeyli sayda deputat, icra başçısı, icra başçısının müavini və komitə sədri olan qadınlar var. Bəs niyə qadın nazir yoxdur?

NOCOMMENT xəbər verir ki, mövzu ilə bağlı millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov musavat.com-a danışıb: “İstərdim ki, gender bərabərliyi, qadınların yüksək vəzifələrdə yer almaqları ilə bağlı hesabat hazırlayanlar 30 il ərzində məcburi köçkün olan azərbaycanlı qadınların hansı əzab və çətinliklər, məişət problemləri, maddi sıxıntılar çəkdiyini də görərdilər və bu haqsızlığa, ədalətsizliyə son qoymaq üçün bir haray qoparıb, bunu törədən Ermənistana sərt reaksiya göstərərdilər.

Dünya unutmasın ki, Azərbaycan qadını hər zaman azad olub. Hətta ABŞ-dan öncə Azərbaycanda qadınlara seçkilərdə iştirak hüququ verilib”.

Bəxtiyar Sadıqov qeyd edib ki, ölkəmizdə qadınların yüksək vəzifələrə, postları gətirilməsində heç bir problem yoxdur: “Məsələn, Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədridir. Bunu elə nazir postu hesab etmək olar. Bahar Muradova bundan əvvəl Milli Məclis sədrinin müavini olub. Daha bir məsələ, ölkəmizdə Milli Məclisin sədri xanımdır. Çox az ölkələr var ki, bu vəzifəni qadın icra edir. Həmçinin Mehriban xanım Əliyeva ölkədə ən yüksək postlardan biri olan Birinci vitse-prezident vəzifəsini daşıyır. Mehriban xanım hər zaman bu vəzifəsini çox layiqincə yerinə yetirib, etimadını doğruldub. Onu da qeyd edim ki, baş redaktoru olduğum ”Azərbaycan” qəzetində 3 xanım şöbə müdiri var. Bunu bizə hansısa qurum, məmur deməyib. Əgər insanın hansısa bacarığı, biliyi varsa, irəli çəkilir. Bir daha qeyd edirəm ki, Azərbaycanda qadın kişi fərqləndirilmir”.

Qadın hüquqları müdafiəçisi Mehriban Zeynalova isə bildirib ki, Azərbaycanda kifayət qədər potensialı, gücü olan qadınlar var: “Onlar həm siyasətdə həm də digər sferalarda kifayət qədər aktivdirlər və heç də kişilərdən geri qalmırlar.

Xarici ölkələrdə kifayət qədər qadınlarımız var ki, onlar tanınır və yaşadıqları ölkələr onlara dəyər verir. Problem əslində müəyyən mənada gender stereotipləridir. Bəzən qadınların özləri də vəzifələrə getməkdən çəkinirlər ki, bu da yenə stereotiplərlə bağlı olur. Ümumiyyətlə, cəmiyyətimiz daha çox ailə ilə bağlı olduğundan bəzən görürük ki, yüksək şəkildə ailənin razılığını almaq məcburiyyətində qalırıq, hətta dövlət səviyyəli işlərdə belə. Ola bilsin ki, hansısa önəmli məsələ ilə bağlı ailə qadına icazə verməsin. Həmçinin qeyd etdiyim kimi, stereotiplər qadınların irəli getməsinə mane olur. Əgər ailə əngəl törətməsə belə, bəzən kənarda hansısa ayrı-ayrı şəxslər tərəfindən stiqma yaradılır, əxlaq məsələləri önə çəkilir. Yəni, əxlaq məsələləri proletit məsələ kimi önə çəkilir, qadının həyat tərzi “bayraq” kimi əldə tutulur, bu zaman bilik və bacarıqlar kənarda qalır. Bu gün istənilən kişi ailəli olsa belə kiminləsə görüşə bilir, rahat şəkildə “yeyib-içməyə” gedir. Yəni çox ciddi şəkildə meyarlar var. Qadın rəhbər olarsa, o, demək olar ki, yaşamamalıdır. Avropada da bu cür hallar var, amma kişilərə qarşı da eyni tələb var – sənin öz həyat tərzin olmalıdır və sən digər şəxslərə nümunə olmalısan, hətta yaşamamalısan. Qeyd etdiyim ki, Avropada bu cür tələb kişilərə qarşı da var, amma Azərbaycanda bu tələblər yalnız qadınlara şamil edilir. Ümumilikdə isə bütün dünyada vəzifəli şəxslərə qarşı tələblər çox ciddidir. Hətta vəzifədə olan kişilərin həyat tərzi tezislərinin, vəzifə tutduğu ərazidə yaşayan insanların qarşısında məsuliyyət daşıyır. Bizdə isə bu öhdəliyi daha çox qadından tələb edirlər. Qadının şəxsi həyatında istənilən cüzi bir səhv onun linçinə gətirib çıxardır və o, vəzifədən gedir. Yəni bir səhv rəyi tamamilə dəyişir. Bunun üçün də irəli getmək istəyən, güclü qadınların bəziləri bunu dərk edərək ya özləri irəli getmir, ya da ki, irəli etmək məqamında bu cür məsələlərlə üzləşir. Əhali arasında da belə düşüncə var ki, qadın irəli gedəndə belə bir hadisələr ola bilər, yəni mənfi rəylər formalaşdırmağa çalışırlar”.

Gündəlik Teleqraf MMC-nin direktoru, sabiq deputat Aynur Camalqızı isə məsələyə bu cür şərh bildirib: “Təbii ki, bu hesabat kifayət qədər maraq doğurur, amma düşünürəm ki, gender bərabərsizliyi məsələsini yalnız ”ölkədə qadın nazir yoxdur” deyə formalaşdırmaq doğru olmaz. Ölkədə vitse-prezident, ombusdman qadındır. Həmçinin parlamentdə xeyli sayda qadın deputatlarımız var. Yəni kifayət qədər qadınlarımız öndədir. Əgər ölkənin ikinci şəxsi qadındırsa, burada qadın nazirin olub-olmaması o qədər də önəmli deyil”.

Aynur Camalqızı da həmçinin vurğulayıb ki, ölkəmizdə qadın nazir müavinləri, icra hakimiyyətlərinin qadın müavinləri kifayət qədər çoxdur: “Yəni elə sahələr var ki, orada qadınların sayı kişilərin sayından xeyli üstündür. Məsələn, təhsil, səhiyyə sahəsində və sairə. Hesab edirəm ki, bu həm də bir qədər də qadınların istəklərindən qaynaqlanan bir məsələdir. Biz bunu süni şəkildə qabarda bilmərik. Qadın nazir və digər yüksək postlara özü haqq etməli, özü qazanmalı, özü diqqəti üzərinə çəkməlidir. Yəni Azərbaycan hökumətində yüksək vəzifələrdə təmsil olunmaq üçün qadınların özləri iddialı və həvəsli olmalıdırlar. Yəni bizdə gender bərabərliyi haqqında qanun var. İllər öncə bu qanun Milli Məclisdə müzakirə olunanda belə bir söhbətlər var idi ki, bizdə də Skandinaviya ölkələrində olduğu kimi qadınlar üçün kvota nəzərdə tutaq. O zaman elə qadın deputatların özü buna qarşı çıxdı ki, ”biz süni şəkildə qadınlara yerlərin nəzərdə tutulmasını, kvotanın ayrılmasını doğru saymırıq”. Yəni hər bir qadın öz qabiliyyəti, intellektuallığı ilə, eyni zamanda öz zəhmətləri ilə həmin posta gəlib çıxmalıdır. Doğrudur, Skandinaviya ölkələrində bu məsələnin çox yaxşı nəticəsi oldu. Belə ki, seçki orqanlarında qadınlar üçün kvota nəzərdə tutdular, bunun nəticəsində parlamentdə, istərsə də siyasi qərarların qəbulu prosesində qadınların iştirakı həddindən artıq artdı. Yəni böyük bir yüksəliş nəzərdə çarpdı. İndi həmin ölkələrin parlamentlərində, digər yüksək postlarda yarıdan çox qadınlar təmsil olunur.

Yəni biz bunu süni şəkildə artıra bilərik. Amma bunun bir səmərəsi olacaqmı? Bir daha qeyd edirəm ki, hər şeydən öncə qadınların özləri bu məsələyə həvəsli, inadlı olmalıdır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qadınların yüksək vəzifələrdə ola bilməməsini kişi qısqanclığı ilə əlaqələndirib: “Niyə ölkəmizdə qadınlar nazir ola bilməzlər? Halbuki ölkəmizdə nazir ola biləcək xeyli sayda bacarıqlı, bilikli qadınlar var. Niyə səhiyyə, təhsil və sosial müdafiə nazirliyində rəhbər qadınlar olmasın? Qadınlar məktəb direktoru, baş həkim, nazir müavinləri ola bilir, amma nazir ola bilmirlər? Həmçinin qadın icra başçısı barmaq sayı qədərdir. Halbuki icra başçılarının əksəriyyətinin müavinləri qadınlardır. Qadın necə ki, bütün ailəni idarə edə bilir, eləcə də vəzifəsini bacarıqla yerinə yetirir.

Hesab edirəm ki, ölkəmizdə qadın nazirin olmamasının səbəbi kişi qısqanclığıdır. Kişilər bir çox hallarda qadınların vəzifəyə gətirilməsinə qısqanclıqla yanaşır”.