“888 Sumqayıt” avtosalonuna qarşı AĞIR İTTİHAM – Kreditə verdiyi maşınları müştərilərin əlindən alır?backend

“888 Sumqayıt” avtosalonuna qarşı AĞIR İTTİHAM – Kreditə verdiyi maşınları müştərilərin əlindən alır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avtosalondan ilkin ödəniş edərək, qanuni şəkildə, müqavilə əsasında avtomobil götürmüşəm. Və kreditin bitməsinə bir ay qalmış, xəbərim olmadan gəlib maşını evakuatorla aparıblar”.

Söhbət Sumqayıt şəhərində yerləşən “888 Sumqayıt” adlı avtosalondan gedir.

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, bununla bağlı şikayət edən vətəndaş Nicat Abbas oğlu Abbasov iddia edir ki, adıçəkilən salon qanunsuz əməlləri ilə müştərilərə külli miqdarda ziyan vurur. İddiaçının sözlərinə görə, sözügedən salondan aldığı avtomobillə əlaqədar mağaza ilə arasında üç ilə yaxındır ciddi narazılıq yaranıb və bu çəkişmə hələ də davam edir. N.Abbasov problem barədə redaksiyamıza ətraflı məlumat verərək bildirir ki, salonu işlədən bir qrup şəxs əlbir olaraq əmlakına əl qoyub və onu böyük məbləğdə maddi ziyana salıb:

“Mən 2020-ci ilin dekabrın 27-də “888 Sumqayıt” adlı salondan kreditə maşın götürmüşəm. İlkin olaraq 5000 manat (beş min) ödəniş eləmişəm. Sonra hər ay vaxtlı-vaxtında 500 (beş yüz) manat kredit haqqı keçirmişəm. Müharibə və pandemiya kimi çətin vaxlarda da krediti geçikdirməmişəm. Ümumi 13000 manat (on üç min) pul ödəmişəm”.

Şikayətçi bildirir ki, buna rəğmən son anda avtomobili əlindən alınıb, daha doğrusu, salon nümayəndələri tərəfindən yaşadığı ünvanın həyətindən evakuatorla aparılıb:

“Mənə zəng vurub dedilər ki, avtomobilin şəklini çəkməliyik. Səbəbini soruşdum. Bildirdilər ki, kreditin bitməsinə bir ay qalıb, müqaviləyə xitam vermək üçün maşının şəkli çəkilməlidir. Guya avtomobilin satılmadığına, qəza vəziyyətində olmadığına dair məlumat toplayırdılar. Dedilər, müqaviləyə xitam verirlər ki, maşını adıma rəsmiləşdirə bilim. Ünvanımı soruşdular, mən də maşının Sabunçu rayonunda Ramana Gülçülük sovxozu adlı ərazidə olduğunu dedim. Beləcə yaşadığım ünvana gəlib maşını evakuatorla aparıblar.

Axşam işdən gələndə gördüm ki, maşın yerində yoxdur. Onlarla əlaqə yaratdım. Birinci boyunlarına almadılar. Sonra dedilər ki, bizdədir, salona gələrsən, danışarıq. Səhəri gün ora getdim. Mənə dedilər ki, əlavə 2-3 min manat pul ödəməliyəm. Səbəbini soruşanda bildirdilər ki, guya hansısa komissiya haqqıdır, mütləq ödəməliyəm ki, maşın qeydiyyata alınsın. Əks halda avtomobili verməyəcəklərini elan elədilər”.

İddiaçı əlavə edir ki, maşına aid olan bütün sənədləri də əlindən çıxıb: “Şəxsiyyət vəsiqəm, kredit müqaviləsi, ödəniş qəbzləri, o cümlədən, mənə aid olan 3200 manat (üç min iki yüz) pul da maşında qalıb. Və geri heç nə qaytarılmayıb. Təkcə puldan 2000 manat (iki min) qaytardılar, qalan hər şey özlərində qaldı. Sonradan bir neçə dəfə gedib, Rövşən adlı satış nümayəndəsi ilə görüşdüm, amma heç nəyi geri ala bilmədim. Özləri də deyirlər ki, heç kimdən çəkinmirik, get, kimə istəyirsən, şikayət elə”.

Məsələ ilə bağlı dəfələrlə Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdiyini deyən N.Abbasov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qəbula düşdüyünü də bildirib: “Hadisə ilə bağlı 102 xidmətinə məlumat vermişəm. Dəfələrlə Sabunçu rayon ərazisindəki polis bölməsinə getmişəm. Baş Prokurorluğa da yazmışam. Mənimlə əlaqə saxlayıblar, araşdırma aparıldığını deyiblər, amma üstündən xeyli müddət keçməsinə baxmayaraq, hələ ki bir nəticə yoxdur”.

N.Abbasov salon əməkdaşlarının ona hədə-qorxu gəldiyini də dilə gətirib: Bu səbəbdən yaşadığı ünvanı tərk etdiyini, ailəsi ilə birlikdə başqa bir əraziyə köçdüyünü bildirib.

Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyinə gəlincə, əlaqə saxladığmız avtosalonun Elvin Qocayev adlı satış nümayəndəsi məsələni təkzib edib. Bildirib ki, N.Abbasova kreditlə satılan maşın müştəridən DİN əməkdaşlarının nəzarəti altında götürülüb: “2020-ci il dekabrın 27-də maşın həmin şəxs tərəfindən kreditə götürüb və təxminən 6 aydan sonra krediti ödənməyib. Müştəri maşını gizlədib, biz də qanuni şəkildə etibarnaməsini ləğv eləmişik. Sonradan hüquq-mühafizə orqanlarına şikayət etmişik. DİN də maşını taparaq cərimə meydançasına yerləşdirib, gedib oradan maşınımızı geri götürüb salona gətirmişik. Həmin şəxsi də dəvət edib, məsələni araşdırmağa çalışmışıq. O isə pulu ödəyə bilməyəcəyini deyib. Biz də təklif etmişik ki, maşını satışa çıxaraq. Maşın satılandan sonra isə hərə öz payına düşəni götürüb. Maşının 2800 manat (iki min səkkiz yüz) cəriməsi olub, onu da ödəmişik. Özünə də çəkilişlə 2200 manat (iki min iki yüz) pul vermişik”.

DİN-in mətbuat xidmətindən Nurlan Əliyev isə bildirib ki, məsələyə müvafiq bölmədə baxılaraq, mülki mübahisəli olduğu üçün vətəndaşa məhkəməyə müraciət etmək tövsiyə olunub.

Sonda qeyd edək ki, tərəflərin bir-birini ağır ittihamlarda suçlaması bir sıra qaranlıq məqamlardan xəbər verir. Və bu işin qanun çərçivəsində ciddi araşdırılmasını tələb edir. Ümid edirik ki, müvafiq orqanlar problemin həlli istiqamətində qanunla ədalətli qərar verəcəklər.