Doqquz il əvvəl itkin düşən və bu gün meyiti tapılan qadınla bağlı bəzi detallar məlum olub.
NOCOMMENT.az xəbər verir ki, Oxu.Az-a açıqlama verən onun anası Zərifə Xəlilova bildirib ki, qızı evdən kimisə ziyarət etmək üçün çıxıb və bir daha geri qayıtmayıb.
Ananın sözlərinə görə, 1982-ci il təvəllüdlü Xəyalə Xəlilova ikinci qrup əlil olub.
O, avtomobil qəzasına düşdüyü üçün bir qolu işləməyib. Lakin əqli hər hansı bir problemi olmayıb.
***
2016-cı ildə Cəlilabad rayonunda itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın qətlə yetirilməsi məlum olub.
DİN-in Mətbuat xidmətinin regional qrupundan NOCOMMENT.az -a bildirilib ki, polis və Penitensiar Xidmət əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Elnur Nizami oğlu Eynullayev tərəfindən törədilməsi müəyyən edilib.
O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb.
Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Araşdırmalar davam etdirilir.









