Bakının Yasamal rayonunda azyaşlı oğluna xəsarət yetirməkdə ittiham olunan Samir Ağakərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Samir Ağakərimov 11 il 3 ay müddətinə azadlıqdan mərhum edilib.
İttihama görə, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə bu ilin aprelin 26-da saat 16 radələrində 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Samir Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Onun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma – xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanıb.