Sumqayıtda şəhid mayorun xatirə lövhəsi OĞURLANIBbackend

Sumqayıtda şəhid mayorun xatirə lövhəsi OĞURLANIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində Vətən müharibəsi şəhidi mayor Rahib Babayevin xatirəsinə qoyulan lövhə oğurlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə şəhidin xanımı Aygün Babayeva bildirib.

Onun sözlərinə görə, oğurluq anı ərazidə yerləşən müşahidə kameralarnda qeydə alınıb.

“Rahibin xatirə lövhəsinin oğurlanmasından 5 gün keçib, polis hələ də oğruları tapa bilmir. Halbuki mənə söz vermişdilər ki, tapılacaq və oğru məhkəmə qarşısına çıxarılacaq. Kamera görüntüsü də var, yetərincə ipucları vermişəm. Daha nəyi gözləyirlər? Hanı verdiyiniz söz, ona bu cür əməl edirsiniz?”

Aygün Babayeva deyib ki, hadisə yaşadığı evin yaxınlığında – “Göyərçin abidəsi”nə gedən yolın kənarında baş verib:

“Mənim qoydurduğum lövhə heç kimə mane olmurdu. Amma o ətrafda ucaldılan nəhəng obyektlər bütün şəhər sakinlərinə – əsas da bizim rahat yaşamağımıza mane olur. Daha nə qədər obyekt ucaldacaqlar ki, gözləri doysun. Mən yoldaşımın şəkli vurulmuş lövhəni tələb edirəm, tapın çıxarın ortaya! Bilmirəm Rahibin şəkli ilə kimdi düşmənçilik edən… Utanmaz şərəfsizlər, 3 uşağı olan bir şəhid xanımı ilə ədavət aparırlar”.

Şəhid xanımı deyib ki, hadisədən əvvəl tanımadığı adamlar ona rüşvət təklif edib, ərazidə yer almağa kömək etməsini istəyiblər, amma onları rədd edib:

“Öz şəxsi prinsiplərinə görə qanunu, qərarı da dəyişirlər. İndi anlayıram ki, təklif edilən rüşvəti rədd etdiyimə görə məni belə incidirlər. Mən şəhidimin adını o cür işlərə bulaşdıra bilməzdim.

Prezidentimizdən kömək istəyirəm. 4 metr yerdən ötrü şəhidin ailəsini və 3 körpəsini az qala öldürürlər. Onlar burada kef edəndə, mənim yoldaşım dağlardakı döyüşlərdə can qoyurdu. Bütün imtiyazlarımı əlimdən alırlar. Mən indidən deyirəm, o lövhə tapılandan sonra bir daha toxunulsa, intihar edəcəm. Sumqayıtın rəhbərliyi mənə ayrı yol buraxmır”.

Qeyd edək ki, Rahib Bəxtiyar oğlu Babayev 19 iyun 1985-ci ildə Şahbuz rayonunun Külüs kəndində anadan olub. İlk təhsilini kənd məktəbində alıb.

1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

2002-2006-cı illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərb sənətinin incəliklərinə yiyələnib. 2006-cı ildən leytenant rütbəsi alaraq xidmətə başlayıb. İlk komandiri şəhid general-mayor Polad Həşimov olub.

R.Babayev18 illik xidmətinin 8 ilini Murov dağlarında keçirib.

Zabitin ən son qulluq etdiyi yer də Murovdağ istiqaməti olub. Qüsursuz xidmətə görə dəfələrlə fəxri fərmanlar, medallar və Ali Baş Komandanın xüsusi mükafatı ilə təltif olunub.

Azərbaycan Ordusunun zabiti Murovdağdakı N saylı hərbi hissənin 1-ci tabor komandiri vəzifəsinə və mayor rütbəsinə kimi yüksəlib.

O, 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ Müharibəsinin fəal iştirakçılarından olub. Murovdağ istiqamətində bir neçə strateji yüksəkliyin və postun geri alınmasında müstəsna rol oynayıb. Düşmənin strateji əhəmiyyətli “Canavar” adlı döyüş mövqeyinin ələ keçirilməsində şəxsən iştirak edib.

Vətən müharibəsində qolundan ağır yaralanan Rahib döyüş meydanını tərk etməyib. 35 yaşlı zabit xeyli yaralı yoldaşını döyüş bölgəsindən çıxarıb, onların həyatını xilas edib.

Sentyabrın 30-da ikinci dəfə yaralanan zabit şəhadətə yüksəlib.

Mayor R.Babayev 2 oktyabr 2020-ci il tarixində Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

Mayor R.Babayev ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhidin 3 övladı yadigar qalıb.

Modern.az