“Ermənistan və Azərbaycan sərhədi boyunca baş verən silahlı qarşıdurmalar nəticəsində atəşkəs rejiminin pozulması narahatlıq, qarşısı alına biləcək insan itkiləri isə kədər doğurur”.
NOCOMMENT APA-ya istinadən verir ki, bunu İtaliya Nazirlər Şurasının Parlamentlə Əlaqələr üzrə dövlət katibi, 5 Ulduz Hərəkatı partiyasından olan senator Canluka Kastaldi İtaliyanın “Agenzia Nova” agentliyinə açıqlamasında bildirib.
Dövlət katibi əlavə edib ki, İtaliya Konstitusiyasında da təsbit olunduğu kimi İtaliya üçün beynəlxalq münaqişələrinin yeganə həlli yolu diplomatik yoldur: “Dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməli, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri yerinə yetirilməli, danışıqlar hər zaman hərbi əməliyyatlardan üstün tutulmalıdır”.
İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini, senator Maria Rizzotti isə bildirib ki, Ermənistan və Azərbaycan sərhədində bu saatlarda davam edən şiddətli silahlı qarşıdurmalar 90-cı illərdə minlərlə insanın ölümünə səbəb olmuş dəhşətli münaqişənin yenidən alovlanmasına gətirib çıxara bilər: “Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması təxribatdır və bunu qəti şəkildə pisləyirik”.
Senator vurğulayıb ki, beynəlxalq ictimaiyyət sonu görünməyən bu müharibənin dayandırılması və sülh danışıqlarının bərpa olunması üçün bütün səylərini səfərbər etməli və İtaliya hökuməti onilliklərdir bu müharibəyə cəlb olunmuş xalqların müdafiəsi üçün tədbirlər görməlidir: “Ümid edirik ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələri və suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə riayət ediləcək”.