İranın təhlükəsizlik arxitekturasında son dövrlər müşahidə olunan ciddi itkilər, xüsusilə İslam İnqilabi Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəhbəri general-mayor Seyid Məcid Xademinin ölümünün rəsmən təsdiqlənməsi, Tehranın daxili qorunma mexanizmlərini yenidən dünya mediasının gündəminə gətirib.
Rusiya mətbuatında yer alan təhlillər göstərir ki, İranın yüksək rütbəli hərbçilərini və siyasi elitasını hədəf alan zərbələr yalnız kəşfiyyat boşluqları ilə deyil, həm də ölkənin köklü ideoloji yanaşması ilə bağlıdır. Kərbəla döyüşü və İmam Hüseynin şəhidlik fəlsəfəsi İran elitası üçün təhlükəsizlik tədbirlərini bəzən ikinci plana atan mənəvi bir qalxan rolunu oynayır. Bu yanaşma fərdlərin fiziki toxunulmazlığından ziyadə, sistemin ideoloji davamlılığını və “əvəzedilməz insan yoxdur” prinsipini ön plana çıxarır. Belə bir mürəkkəb geosiyasi şəraitdə İsrailin baş naziri Benyamin Netanyahunun İranla hərbi qarşıdurmanın hər an yenidən alovlana biləcəyi barədə xəbərdarlığı, bölgədəki gərginliyin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Samir Əsədli qeyd edib ki, İranın təhlükəsizlik sistemindəki boşluqlar həm texniki, həm də sosiokültürəl xarakter daşıyır: “İranın daxili təhlükəsizlik mühitində professional mühafizə qaydalarından çox, ideoloji bağlılıq və qohumluq əlaqələrinin rol oynaması xarici kəşfiyyatlar üçün əlverişli zəmin yaradır. Lakin burada əsas məqam Tehranın şəxsiyyətlər üzərindən deyil, institusional varislik üzərindən hərəkət etməsidir. Bir generalın və ya kəşfiyyat rəhbərinin itirilməsi sistemin iflici demək deyil, əksinə, həmin boşluq dərhal əvvəlcədən hazırlanmış və proseslərdən tam məlumatlı olan müavinlər tərəfindən doldurulur”.
Onun sözlərinə görə, İranın metafizik baxışı hərbi strategiyada risklərin qəbul edilməsini asanlaşdırır: “Kərbəla hadisəsi İranın hərbi-siyasi elitası üçün sadəcə tarixi hadisə deyil, həm də bir davranış modelidir. Şəhidlik rütbəsini ən ali məqam hesab edən bir sistemdə liderlərin ictimaiyyət arasında daha açıq olması və riskli addımlar atması qaçılmazdır. Bu, bir tərəfdən kəşfiyyat zəifliyi kimi görünsə də, digər tərəfdən xalqın və sistemin müqavimət gücünü artırmaq üçün istifadə olunan ‘ideoloji qida’ rolunu oynayır. Kuba modeli ilə müqayisədə İranın daha açıq və daxili dinamikasının mürəkkəb olması, onu həm hədəfə gətirir, həm də asanlıqla çökməyən bir struktura çevirir”.
Əsədli qeyd edib ki, İsrailin və ABŞ-ın İrana qarşı strateji hədəfləri bölgədəki balansı hər an poza bilər: “Netanyahunun ‘uranda çıxarılma’ və ‘boğazların açıq qalması’ şərtləri əslində İranı tam təslimiyyətə məcbur etmək cəhdidir. Lakin Tehranın ‘metafizik dayanıqlığı’ və hərbi itkiləri dərhal kompensasiya etmək bacarığı göstərir ki, klassik müharibə metodları ilə bu ölkəni daxildən sarsıtmaq olduqca çətindir. İsrail bütün ssenarilərə hazır olduğunu bəyan etsə də, İranın itkilərini ‘güc mənbəyi’ kimi təqdim etməsi münaqişənin hələ uzun müddət davam edəcəyindən xəbər verir”.
Tunar,
NOCOMMENT.az









