Çətini universitetə qəbul olunana qədərdir: Sonrası Allah kərim…backend

Çətini universitetə qəbul olunana qədərdir: Sonrası Allah kərim…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tətbiqi elmlər sahəsində yeni ixtisasların açılmasına ehtiyac var”. Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində konfrans zamanı deyib. Nazir qeyd edib: “Milli təhsil sistemi olaraq biz bu mövzudan kənarda qalmamalıyıq. Biz adətən çalışırıq yeni tendensiyalara uyğun yeni ixtisaslar yaradaq. Hansı sahə olursa-olsun fundamental elm olduqca vacibdir. Tətbiqi elmlər sahəsində yeni ixtisasların açılmasına ehtiyac var”.

Bu gün ali məktəblərdə elə ixtisaslar var ki, oradan məzun olanlar həmin sahədə iş tapa bilmirlər. Yəni bu gün mövcud vəziyyət onu göstərir ki, bəzi ixtisaslara əmək bazarında ehtiyac yoxdur. Bu baxımdan əmək bazarının tələblərinə uyğun ixtisaslar yaradılmalıdır. Ali təhsil müəssisələrində elə ixtisaslar var ki, onları başa vurduqdan sonra işsizlikdən satıcı, kassir, resepşn, hətta usta belə işləyən məzunlar var.

Həmin ixtisasları müasir dövrün tələblərinə cavab verən ixtisaslarla əvəzləmək mümkün deyilmi?

NOCOMMENT.az xəbər verir ki, iqtisadçı-ekspert Razi Abbasbəyli cebhe.info-ya bildirib ki, hazırda dünyanın əmək bazarında sürətlə inkişaf etməkdə olan sahələrdən biri informasiya texnologiyaları sahəsidir:

“Bu sahənin praktik istiqamətlər üzrə istifadəsində mütəxəssislərin hazırlanmasına başlanılıb. Bu tələb aqrar sektordan maliyyə sektoruna qədər böyük bir miqyası əhatə edir. Hətta aqrar sektorda tətbiq edilən yeni texnologiyalar həm əkinçilik, həm də maldarlıqda, bütün təsərrüfatlar üzrə tətbiq edilən yeni robotlaşdırılmış sistemlər üzrə mütəxəssislərə ehtiyac var. Bu baxımdan da Azərbaycan da aqrar ölkə olaraq bu sahə üzrə yeni dünyanın tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına başlanmalıdır. Ənənəvi, köhnəlmiş standart ixtisasları ləğv etmək lazımdır. Bunu biz tibb sahəsinə də aid edə blərik. Azərbaycanda tibb sahəsi üzrə ali təhsil sahəsində yeni ixtisaslar yaradılmalıdır. Yeni ixtiralar, yeniliklər tətbiq olunan elektron cihazlar, sistemlər üzrə həm laborator müayinələr, həm analizlər, digər bütün sahələr üzrə modernləşdirilmiş elektronik avadanlıqlardan istifadə olunur. Həmin avadanlıqlar üzrə ixtisaslaşmış mütəxəsislər hazırlamaq lazımdır. Çünki Azərbaycanın əmək bazarında tibb sahəsində buna ciddi ehtiyac var. Adətən biz görürük ki, xarici ölkələrdən buraya mütəxəssislər cəlb edilir. Aqrar sektorda da eyni vəziyyətdir. Məsələn, biz işğaldan azad edilmiş ərazilərimizdə yeni yaradılan aqrar təsərrüfatlar üzrə mütəxəssisləri İsrail, Hollandiya, bəzən də Türkiyədən dəvət edildiyinin şahidi oluruq. Bu sahələrlə bağlı da ölkədə ali təhsil üzrə ixtisaslar yaradılması vacibdir. Maliyyə, iqtisadiyyatın idarə edilməsi üzrə ən vacib olan peşələrdən biri də maliyyə mühəndisliyidir. Bütün dünyada artıq elektronlaşma, maliyyə alətlərinin idarə edilməsi, bank sektorunda istifadə edilən yeni proqramlaşma sistemləri üzrə mütəxəssislərə ehtiyac var. Azərbaycanın xaricdə təhsil üzrə Dövlət Proqramı ilə hansı sahələrə daha çox dövlət vəsaiti hesabına tələbələr göndərildiyini və onların təhsil alması üçün kifayət qədər vəsait xərclənildiyini görürük. Xaricdə təhsil proqramına çəkilən xərcləri ölkənin daxilinə yönəltməklə yeni ixtisaslar yaratmaq mümkündür. Bununlada çağdaş dövrün tələblərinə uyğun mütəxəssislər hazırlamaq olar. Mən xaricdə təhsilin əleyhinə deyiləm. Çünki Azərbaycanın dünyanın inkişaf etmiş universitetlərinə çatması üçün uzun bir zaman lazımdır”.

Ekspert bildirib ki, bu, Sinqapurda tətbiq edilmiş bir modeldir:

“Sinqapurda Kənd Təsərrüfatı, Maliyyə nazirliklərində yalnız yerli universitetlərdə təhsil almış gəncləri işə cəlb edirlər və uğurlu nəticələr əldə olunub”.

Ekspertin fikrincə, Azərbaycan ali təhsil sistemində görüləcək işlər o qədər çoxdur ki, yeni ixtisaslar yaradılana qədər təhsil sistemi modernləşdirilməlidir:

“Müasir dövrün cavablarına cavab verməsi üçün pedoqoji siyasəti yeniləməliyik. Ondan sonra yeni iixtisasları yarada bilərik. Bu gün yaratsaq belə, müasir dövrün əmək bazarının tələblərinə cavab verən mütəxəssis yarada bilməyəcəyik. İlk öncə təhsilin özü dəyişməlidir. Ancaq zaman sürətlə inkişaf edir və qeyd edilən sahələr üzrə mütəxəssislərə ehtiyac var”. Ekspertin sözlərinə görə, ümumiyyətlə, dünyada universitetə “qəbul balı” anlayışları fərqlidir: “Avropa, Yaponiya, Finlandiya təhsilində belə universitetə qəbul olmaq balı cimvolik anlayışdır. Əgər siz orta məktəbi normal göstəricilərlə yekunlaşdırmısınızsa, bundan sonra universitetə qəbul olursunuz. Ancaq universitetdə oxumaq çətindir. Azərbaycanda əksinə, qəbul olmaq çətin, oxumaq asandır. Proqram çox bəsitdir və müasir dövrün tələblərinə cavab vermir. Bizdə çətini universitetə qəbul olana qədərdir, sonra “Allah kərimdir” anlayışı mövcuddur.

Ümumiyyətlə, keçid balları yavaş-yavaş sıradan çıxır. İldən-ilə qəbul asanlaşır. Ən aşağı bal toplayan abituriyent də universitet tələbəsi ola bilirlər. Dünya praktikasına görə, universiteti oxumaq çətin olmalıdır. Avropada, qonşu Türkiyədə universitetə qəbul olmaq asandır, bitirmək üçün oxumaq tələb edir. Bizdə bu, tətbiq olunmur. Hansı ixtisas üzrə ən yüksək balla qəbul olub, hansına ən aşağı balla qəbul olub, anlayışları ortadan götürülməlidir. Verilən təhsil özü keyfiyyətli olmalıdır. Mütəxəssisin oxuduğu müddətdə nə əldə etdiyi önəm kəsb edir. Bu gün Azərbaycanda sovet dövründən qalan ədəbiyyatların tərcüməsi kimi köhnə, təxminən 1940-50-ci illərin təhsil proqramları tətbiq olunur.

Orta məktəbin 9-11-ci siniflərində tədris olunan mövzular ali məktəbin I-II kurslarında təkrar tədris olunur. Məsələn, “Azərbaycan dili və ədəbiyyatı”nı göstərmək olar. Gəlib ali məktəbdə eyni tədris proqramını keçirlər və nəticədə də tələbənin orta məktəb bitirməsi ilə ali məktəbi bitirməsi arasında heç bir fərqi olmur. Ona görə də məzun iş tapa bilmir”.