Mixail Şvıdkoyun Azərbaycana qarşı qərəzli bəyanatları bəzilərinin mədəniyyət anlayışını geosiyasi alətə çevirdiyini göstərir – RƏYbackend

Mixail Şvıdkoyun Azərbaycana qarşı qərəzli bəyanatları bəzilərinin mədəniyyət anlayışını geosiyasi alətə çevirdiyini göstərir – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Azərbaycanın ünvanına səsləndirdiyi qərəzli bəyanatlar bir daha sübut edir ki, bəzi dairələr mədəniyyət anlayışını geosiyasi alətə çevirməyə çalışır.

NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında deputat Vasif Qafarov deyib.

Onun sözlərinə görə, mədəniyyət xalqları birləşdirən, qarşılıqlı hörmətə əsaslanan dəyərlər sistemidir və onun geosiyasi manipulyasiyaya çevrilməsi həm etik, həm də hüquqi baxımdan qəbuledilməzdir:

“Azərbaycan öz ərazisində beynəlxalq hüquqa və milli qanunvericiliyə zidd şəkildə quraşdırılmış istənilən obyektin, o cümlədən abidələrin sökülməsini haqlı olaraq doğru, qanuni və zəruri addım hesab edir. Xüsusilə də Qarabağ bölgəsində – uzun illər işğal altında qalmış və nəzarətimizdən kənar olmuş ərazilərdə aparılan “simvolik əraziləşdirmə” təşəbbüsləri siyasi məqsədlər güdürdü və dövlət suverenliyinə qarşı yönəlmişdi”.

Deputat bildirib ki, erməniəsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə Azərbaycanın razılığı olmadan yerləşdirilməsi mədəni təşəbbüs yox, siyasi akt idi:

“Bu addım bir tərəfdən Azərbaycanın suverenliyinin pozulması, digər tərəfdən isə sülhməramlı mandatın çərçivədən kənar istifadəsi kimi qiymətləndirilməlidir. Azərbaycan dövləti heç bir xalqın mədəni irsinə qarşı deyil. Əksinə, müxtəlif mədəniyyətlərin birgəyaşayışına və dialoquna əsaslanan regional sabitlik modelini təşviq edir. Lakin bu, heç kəsə – istər sülhməramlı statusunda, istər mədəniyyət diplomatiyası pərdəsi altında Azərbaycanın ərazisində fakt yaratmaq imkanı vermir”.

V.Qafarov onu da qeyd edib ki, mədəni əməkdaşlıq yalnız qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə söykənə bilər:

“Əks halda, mədəniyyət adı altında başqa dövlətin ərazisində qanunsuz aktlar törədib, sonradan buna qarşı haqlı reaksiya veriləndə “mədəniyyətə düşmən münasibət” ittihamı səsləndirmək riyakarlıq və ikili standartların növbəti nümunəsidir. Azərbaycan bu cür yanaşmalara qarşı öz prinsipial mövqeyini hər zaman qoruyur və beynəlxalq ictimaiyyəti də suverenlik məsələlərinə seçici deyil, obyektiv yanaşma sərgiləməyə çağırır”.