Prezident İlham Əliyevin ABŞ-yə səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, eyni zamanda, regional geosiyasi arxitekturanın yenidən formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O qeyd edib ki, bu səfər uzun müddət Bayden-Blinken administrasiyası, Emmanuel Makron, Avropa İttifaqı, Avropa Şurası və Avropa Parlamenti kimi mərkəzlər tərəfindən həyata keçirilən siyasi təzyiq, sanksiya hədələri və beynəlxalq mediada aparılan qarayaxma kampaniyaları tam iflas edib:
“Vaşinqton görüşləri göstərdi ki, ABŞ da artıq Azərbaycansız regional enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya inteqrasiyası və sabitlik mövzularını həll edə bilməyəcəyini anlayır. Bu, tərəfdaşlıq modelini bərabərhüquqlu əməkdaşlıq səviyyəsinə gətirir”.
V.Qafarov bildirib ki, səfərin ən mühüm nəticələrindən biri Azərbaycanın Cənubi Qafqazda güc balansını müəyyən edən əsas tərəf kimi təsdiqlənməsidir:
“Ermənistanın himayədarları hesab olunan Qərb dairələrinin təzyiq mexanizmləri iflasa uğradıqca regionda proseslərin mərkəzi Bakı ətrafında cəmlənməsi tendensiyası güclənir. Bu həm də Zəngəzur dəhlizi və digər strateji layihələrin daha real və sürətli şəkildə icrasına zəmin yaradır”.