Cüdo üzrə milli komandamızın sabiq böyük məşqçisi Mehman Əzizov restoranda davaya düşüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bakupost.az -a müraciət edən Bakı sakini Qənbər Qənbərov bildirib ki,idmançının yanındakı şəxslərin nəlayiq ifadələri və etik olmayan hərəkətləri sonda əlbəyaxa dava ilə nəticələnib.
İddiaya görə, hadisənin “Nanə Pub”da baş verdiyi deyilir.
Şikayətçi müraciətində qeyd edib ki, insident ailəsinin gözü qarşısında baş verib:
“Avqustun 23-də Nizami rayon məhkəməsinin yanında yerləşən “Nanə Pub”da övladımın ad gününü qeyd etmək üçün ailəmlə oturmuşdum. Təqribən saat 23:00-00:00 radələrində yandakı masadan nalayiq ifadələr eşitdim, ardınca oynayarkən qola dəymək, sataşmalarla qarşılaşdım. İki dəfə üzrxahlıq etdilər, lakin yenə nalayiq ifadələrə başladılar. İradımı bildirmək üçün yaxınlaşdım, ailəmlə oturduğumu bildirdim və xahiş etdim ki, özünüzü düzəldin. Onlar isə mənə nalayiq sözlər dedilər. Üç nəfər idilər, onlardan biri əlində şərab butulkası ilə məni hədələyərək “bunu başına vuraram”, – dedi. Aralarında ayıq olanı (sonradan öyrəndim ki, o, Mehman Əzizov imiş) bayıra çağırıb, xahiş elədim ki, ailəmin yanında özlərini yaxşı aparsınlar. Sonra iki nəfər birdən üstümə gəldi. Huşumu itirəndə hiss edirdim ki, böyrümə, başıma zərbələr endirdilər. Nə ilə vurduqlarını bilmədim, dəmir və ya taxta idi. Onlar məni ailəmin gözü qarşısında çox pis vəziyyətdə döydülər. Həmin gün 25-ci polis bölməsinin əməkdaşları məni apardılar. Gecə saat 3-ə qədər orada oldum, izahatımı aldılar. Sonra restorana qayıtdım ki, hesabı ödəyim, amma cibimdəki 100 dollar və 187 manatın yoxa çıxdığını anladım. Səhər Sabunçu xəstəxanasında qeydiyyatdan keçdim. Hər yerimdə ağrı var idi. Sonra öyrəndim ki, məni vuran şəxslərdən biri cüdoçu Mehman, digəri isə Rəşad adlı şəxsdir. Onlar yeznə-qayındırlar”.
Qənbər Qənbərov bu barədə tədbir görülməsini tələb edir:
“Xahiş edirəm ki, bu barədə tədbir görülsün. Hazırda ekspertizadan keçmişəm, oradan da xəstəxanaya gedib, müayinə olundum. Burnumda qırıq, ayağımda isə çat var. Ağrılarım getdikcə artır. Həmin gün çox şeyi hiss etməmişdim. Burnum sınıb, gözümün ətrafı göyərib, iki dişim sınıb, yerə yıxıldığıma görə topuğum çatlayıb, bundan başqa böyrək nahiyəmdə ağrı hiss edirəm. Restoranda qırılan qab-qacağı da mənim üzərimə yıxıblar. Halbuki cibimdən pulum da itmişdi. Ən əsası da bütün bunlar ailəmin, azyaşlı övladlarımın gözü qarşısında baş verib. Uşaqlarım bu hadisə nəticəsində travma alıblar. 6 yaşını qeyd etdiyimiz oğlum, mənə deyir ki, bir də ad günü keçirməyək…”.
Cüdoçu Mehman Əzizov məsələ ilə bağlı Bakupost.az-a açıqlamasında qeyd edilən ittihamları qəbul etməyib.
Hadisənin baş verdiyi deyilən “Nanə Pub” restoranından isə bildirilib ki, həmin vaxt belə bir hadisə baş verib:
“İki müştəri içkili olub, aralarında mübahisə yaranıb. Təfərrüatı bilmirik. Məsələ hazırda 25-ci Polis Bölməsində araşdırılır, oradan öyrənə bilərsiz”.
Qeyd edək ki, Mehman Əzizov 2 il əvvəl Azərbaycan Cüdo Federasiyası tərəfindən millinin böyük məşqçisi vəzifəsindən azad olunub. İdmançı açıqlamasında müqaviləni oxumadan imzaladığını, işdən çıxarılma səbəbini bilmədiyini deyib.
