Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kristal Bakı” ASC barəsində araşdırmaya başlayıb.
NOCOMMENT.az xəbər verir ki, “Kristal Bakı” ASC uzun illərdir paytaxtda çoxmərtəbəli binaların inşası ilə tanınır və ən çox reklam olunan şirkətlərdən biridir. Lakin son dövrlər şirkətin təmir keyfiyyəti və reklamlarında göstərilən vədlərin reallığa uyğunluğu ilə bağlı istehlakçılar arasında narazılıqlar artmaqdadır.
Çoxsaylı vətəndaş müraciətləri əsasında ASC-nin fəaliyyətinə dair araşdırma başlanılıb.
Müraciətlərdə bildirilir ki, şirkət tərəfindən inşa edilən binalardakı mənzillərin təmiri ilə bağlı yayımlanan reklamlar reallığı tam əks etdirmir. İstehlakçılar qeyd edirlər ki, reklamda göstərilən təmir səviyyəsi və faktiki yerinə yetirilən işlər arasında fərqlər mövcuddur.
Agentlik məsələni rəqabət qanunvericiliyi çərçivəsində araşdırır. Hazırda araşdırma davam edir və nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Agentliyin açıqlamasında araşdırmanın mövzusu göstərilib:
Yeniavaz.com qeyd edib ki, 19 mart 2020-ci ildə dövlət qeydiyyatına alınan “Kristal Bakı” ASC-nin nizamnamə kapitalı 1 milyon manat təşkil edir. ASC-nin qanuni təmsilçisi Dostumalıyev İbrahim Cəfər oğludur.
Açıqlanan son məlumata görə, “Kristal Bakı” ASC-nin səhmlərinin yarısı Vəliyev Pərviz Ağalar oğluna məxsusdur. Pərviz Vəliyev “Azəraqrartikinti” ASC-nin Müşahidə Şurasının sədri, millət vəkili Ağalar Vəliyevin oğludur.