ABŞ-nin Müharibə Nazirliyi (keçmiş Müdafiə Nazirliyi – red.) ölkə hökumətinin bağlanması (şatdaun) zamanı işçilərə kompensasiya ödəmək üçün 130 milyon dollarlıq anonim ianə alıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Vəsaitin maaşlar və müavinətləri ödəmək üçün istifadə olunacağı aydınlaşdırılıb.
“Bloomberg” hesab edir ki, bu məbləğ aktiv xidmətdə olan 1.3 milyon hərbçi üçün təxmin edilən xərclərin yalnız kiçik bir hissəsini ödəyəcək. Məsələn, ötən ay Pentaqon işçilərin maaşlarına təxminən 9.8 milyard dollar xərcləyib.
“The New York Times” mənbələrə istinadən açıqlayıb ki, ABŞ hökumətinin maliyyələşməsi dayandığı indiki şəraitdə hərbçilərin maaşının ödənməsi üçün Pentaqona 130 milyon dollar ianə edən uzun müddət Donald Trampın tərəfdarı olan, “tənha milyarder” Timoti Mellondur.
Timoti Mellon ABŞ-ın keçmiş maliyyə nazirinin nəvəsidir. Uzun müddətdir tam qapalı həyat tərzi zürən milyarder 2024-cü ildə Trampın seçki kampaniyasına böyük miqdarda – 150 milyon dollar ianə ilə gündəmə gəlib.
81 yaşlı Mellonun axırıncı fotosu 1981-ci ildə yayılıb.













