Qazaxda park “məhv edilir” – Ağaclar gecə ilə kəsildi, beton obyektlər ucalır – FOTOFAKTbackend

Qazaxda park “məhv edilir” – Ağaclar gecə ilə kəsildi, beton obyektlər ucalır – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Qazaxda mərkəzi parkda baş verən qanunsuzluq barədə xəbər vermişdik. O zaman qeyd etmişdik ki, park ərazisində iri gövdəli ağacların dibləri betonla örtülüb, ərazidə isə obyekt tikintisi aparılır.

Lakin indi vəziyyət daha faciəvi hal alıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, gecə saatlarında parka texnika yeridilib, ağaclar kökündən kəsilərək məhv edilib. Şəhərin nəfəsi sayılan yaşıllıqlar beton və tikinti maraqlarının qurbanına çevrilib.

“Bir ağacı kəsən, sanki mənim bir qolumu kəsir” – Ulu Öndər Heydər Əliyev

Ancaq görünür, bu kəlam artıq Qazaxda unudulub. Bir vaxtlar uşaqların gülüş səsi, ailələrin istirahət səhnələri ilə dolu olan park indi nəqliyyatın, texnikanın, yük maşınlarının səs-küyü içindədir. Yaşıllıqlar yox edilir, təbiətin yerini beton və ticarət maraqları tutur.

Qazaxda “yaşıllıq soyqırımı” – kim cavab verəcək?

Ən acınacaqlısı odur ki, bu ekoloji cinayətə qarşı heç kim səsini qaldırmır. Sanki Qazaxda kimlərsə yaşıllığı məhv etməyə and içiblər.

İctimaiyyət haqlı olaraq soruşur:

İcra başçısı parkın bu vəziyyətindən xəbərdardırmı?
Əgər xəbərdardırsa, niyə bu vəhşiliyə “dur” demir?
Qazaxın parkı niyə ticarət məkanına çevrilməlidir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi niyə susur?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə hələ ki, baş verənlərə reaksiya verməyib. Ağacların kəsilməsi, yaşıllığın məhv edilməsi qanunla cinayət hesab olunur, lakin Qazaxda heç bir nəzarət mexanizmi işləmir. Nazirlikdən tələb olunur ki, parkda ağacların kəsilməsi faktını təcili araşdırsın, məsul şəxsləri cəzalandırsın və yaşıllığın bərpası ilə bağlı tədbirlər görsün.

Yaşıllıqlar bizim nəfəsimizdir!

Qazax sakinləri haqlı olaraq narazıdır:  “Biz istirahət üçün yer axtarırıq, onlar isə hər qarışı obyektə çevirirlər.”

Təbiətin səsini boğan hər bir beton lövhə, hər bir texnika izi — şəhərin gələcəyinə vurulan zərbədir. Bu gün susanlar, sabah toz içində nəfəs almağa məhkum qalacaq.

32gun.az xatırladır ki, ölkə başçısı cənab İlham Əliyev dəfələrlə ağacəkmə aksiyasında iştirak edib. Yaşıllaşdırmanın artırılması istiqamətində xüsusi tapşırıqlar verib. Lakin Qazaxda bu tapşırığın əksinə hərəkət edilir. Çünki Qazaxda “yaşıl terror” ilk dəfə baş vermir.

Xatırladaq ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur.

Xatırladaq ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinovdur. İdarənin xidməti ərazisinə Ağstafa ilə yanaşı Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları da daxildir.