Əli Həsənovdan – Ramiz Mehdiyev dünyanın böyük dövlət xadimidirbackend

Əli Həsənovdan – Ramiz Mehdiyev dünyanın böyük dövlət xadimidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəzifədən çıxarılmadan öncə yaxın ətrafının Əli Həsənov haqqında “böyük dövlət adamı” ifadəsini ciddi-cəhdlə yaydıqlarına şahid olan tanışım ürəkdən gülmüşdü. Çünki Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər üzrə şöbə müdirinin bu tərifə heç uyğun gəlmədiyini ağlı başında olan hər kəs dərk edirdi. “Böyük dövlət adamı” təyini adətən yüksək səviyyəli dövlət və siyasət xadimlərinə verilir.

Odur ki, TV1.az-ın “Youtube” kanalındakı səhifəsində Əli Həsənovun PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev haqqında çıxışını paylaşmasından sonra “böyük dövlət xadimi” ifadəsinin hansı “qaynaq”dan pərvazlandığını anlamaq çətin olmadı.

PA-nın sabiq rəhbərinin məlum həbsindən sonra “Ramiz Mehdiyevin mənə nə dəxli, nə aidiyyatı var” deyən prezidentin keçmiş köməkçisi Əli Həsənovun cəmi bir neçə il öncə ondan daha yüksək qanqlı məmura necə mədhiyyələr yağdırdığına mat qalmaq olar.

Əli Həsənov bildirib ki, Ramiz Mehdiyevlə “qeyri-rəsmi vəziyyətdə tanış olub”: “90-cı ildə deputat seçkiləri dövrü tanış olmuşuq. Amma ondan sonrakı dövrdə söz yox, biz YAP-yaradılması prosesində dəfələrlə telefon və digər vasitələrlə ünsiyyətdə olmuşuq. 1995-ci ildə PA-ya təyin olunandan sonra artıq birbaşa birlikdə onunla işləmişik. Bu işlədiyimiz müddətdə də aşağı-yuxarı 25 illik təxminən müddətdə də, demək olar ki, gün ərzində ən azı bir neçə dəfə ünsiyyətdə olmuşuq”, – Əli Həsənov vurğulayıb.

O, çıxışında həm özünün, həm də Ramiz Mehdiyevin bioqrafiyasını yanlış təqdim etməklə yanaşı, PA-nın sabiq rəhbərini “XX əsrin ən böyük dövlət xadimlərindən biri” adlandırıb.

Əli Həsənovun çıxışından bəzi hissələri üslubuna toxunmadan danışdığı kimi təqdim edirik: “Söz yox ki, Ramiz müəllim XX əsrin ən böyük dövlət və ictimai xadimlərindən biridir. Mən siyasi xadim demirəm Ramiz müəllimə, çünki Ramiz müəllim müstəqil şəkildə siyasətlə məşğul olmayıbdı. Mən Ramiz müəllimə siyasət xadimi yox, daha çox dövlət və ictimai xadim kimi xarakterizə etmək istəyirəm. Dövlət xadimi olaraq Ramiz müəllimdə dövlət xadiminə, dünyanın məşhur dövlət xadimlərinə malik olan bütün müsbət keyfiyyətlər var. Dövlət xadimi ilk növbədə necə olmalıdır? Qlobal düşüncəli olmalıdır. Yəni baş verən hadisələri, daxildə, xaricdə və ətrafda baş verən hadisələri aydın təfəkkürlə təhlil eləməyi bacarıb, ondan lazımi nəticələr çıxarmağı bacarmalıdır. Ramiz müəllimdə bu dövlət təfəkkürü və dərin təfəkkür, mən deyərdim, var. Ramiz müəllimin dövlətçilik təfəkkürü hər bir dövlət məmurun həsəd apara biləcəyi dərəcədədir. Doğrudan da çox dərin dövlətçilik təfəkkürü var”, – Əli Həsənov keçmiş “şef”i barədə vurğulayıb.

Bu günlərdə Azərbaycanda baş verənləri diqqətlə izləyən müstəqil xarici KİV-lərin aparıcıları politoloqlarımızla ünsiyyətləri zamanı Ramiz Mehdiyevin adını heç bir vaxt eşitmədiklərini və bu barədə az məlumata malik olduqlarını az qala üzrxahlıqla dilə gətirirdilər. Belə etirafı duyanda Əli Həsənovun “uzaqgörənliyinə” lap “yazıqlar olsun” deməyin gəlir. Ramiz Mehdiyev necə dünyanın ən böyük dövlət xadimidir ki, onu heç xarici jurnalistlər tanımırlar?! Heç olmasa, Əli Həsənov miqyası respublika ilə məhdudlaşdırsaydı, belə gülünc vəziyyətə düşməzdi.

Amma bir zamanlar prezidentin köməkçisinə qədər yüksəlmiş bu şəxs etiraf edib ki, ictimaiyyətlə ünsiyyəti təkcə ümummilli lider Heydər Əliyevdən, Prezident İlham Əliyevdən deyil, o cümlədən “cümlə xəyanətlərə bais” Ramiz Mehdiyevdən öyrənib:

“Mən məsələn, 25 ildə administrasiyada işləyə-işləyə həm ümummilli lider Heydər Əliyevdən, həm Prezident İlham Əliyevdən çox şeyləri əxz etmişəm. Amma etiraf eləməliyəm ki, Ramiz Mehdiyevdən də əxz elədiyim kifayət qədər, xüsusən də onun dövlət qulluğu ilə bağlı, dövlət idarəçiliyi ilə bağlı, dövlət təfəkkürü ilə bağlı çox şeylər var. Həmişə Ramiz müəllim ətrafındakı insanlar arasında, onu tanıyanlar arasında, yüksək hörmətə və ehtirama layiq olub”.

Ramiz Mehdiyevi “çox dəyərli məmur, dövlət qulluqçusu, fəaliyyəti ilə respublikaya və xalqa bəhrələr verən insanlardan biri” kimi qələmə verən Əli Həsənov sonda ona dua etməkdən də özünü saxlaya bilməyib:

“Əminəm ki, onun daşıdığı “İstiqlal” ordeni, digər orden və medallar, sözün həqiqi mənasında, Ramiz Mehdiyevin tam haqqıdır və tam layiq olduğu qiymətdir. O, dəyərli və şərəfli həyat yolu keçib. Onun həyat yolundan silahdaşları olan bizlərə də bir pay düşür. Allah-Taala onu ilk növbədə dövlətimizin, prezidentimizin, qulluğundan əskik etməsin, dostlarının yanından, ailəsinin başından əskik eləməsin!”.

İndi isə baxaq görək, Əli Həsənov 1990-cı ildə harada idi? “Wikipedia”dakı bioqrafiyasına görə, o, 1985-1992-ci illər arasında Moskvada təhsil almaqla məşğul olub. 1988-1990-cı illərdə respublikaya rəhbərlik edən Azərbaycan SSR KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun Moskvada yaşayan Heydər Əliyevə qarşı başlatdığı qarayaxma kampaniyasına layiqli cavab vermək əvəzinə Əli Həsənov bir qrup tələbə ilə Vəzirovun addımlarını alqışlayıb.

Əli Həsənovun bir qrup tələbə ilə birgə uzaq Moskvadan Əbdürrəhman Vəzirova göndərdiyi həmin müraciətdə belə deyilirdi:

“Biz, S.M.Kirov adına Azərbaycan dövlət universitetinin tarix fakültəsinin dekanı ilə görüş iştirakçıları, yenidənqurma prosesində bizim respublikada Azərbaycan Kompartiyasının məqsədyönlü fəaliyyəti sayəsində baş verən pozitiv və real dəyişiklərlə tanış olduq. Biz partiyanın qarşısında, bütün sovet xalqının qarşısında duran böyük vəzifələri bütün məsuliyyətimizlə dərk edirik və sizi əmin etmək istəyirik ki, biz respublikaya yüksəkixtisaslı elmi kadrlar kimi dönəcəyik və özümüzü yenidənqurma işinə həsr edəcəyik. Bu məqsədə çatmaq üçün biz bütün öz gücümüzü, enerjimizi və biliklərimizi yönəldəcəyik. Biz Azərbaycan Kompartiyasının yeni rəhbərliyinin məqsədyönlü işini alqışlayırıq və dərindən dəstəkləyirik”.

Həmin teleqramda alqışlanan “məqsədyönlü, pozitiv və real dəyişikliklər” Bakıda 20 Yanvar qətliamının törədilməsi, Vəzirovun Azərbaycandan qaçması ilə nəticələndi.

Amma nə hikmətdirsə, 1985-1992-ci ildə təhsil aldığı üçün Moskvada yaşayan Əli Həsənov 1992-ci ildə Naxçıvana dönəndən sonra Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü seçilir. Jurnalist Eynulla Fətullayevin iddiasına görə, həmin siyasi sıçrayışadək Əli Həsənov bir müddət Tamerlan Qarayevin təsis etdiyi “Doğru Yol Partiyası”nın da üzvü olub.

Bu faktı YAP-ın qurucularından biri olan Əli Nağıyev də təsdiqləyir (ovqat.som). Məlum olub ki, məhz Əli Nağıyev Naxçıvanda Heydər Əliyevin qəbul otağında ilk dəfə qarşılaşdığı adaşının YAP-da karyera sahibinə çevrilməsinə yardım edib:

“Xalam oğlu Rafiq Naxçıvan Universitetini bitirmişdi, adi müəllim idi. Əli Həsənov isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib və orada müdafiə edərək, elmlər namizədi olub, sonra da Naxçıvan Universitetini bitirən xalam oğlunun yanında dəftər daşıyan işləyirdi. Mən növbəti dəfə ora gedəndə akademik Ziya Bünyadova Əli Həsənovu göstərərək dedim ki, bu adam tarixçidir, M.V.Lomonosov adına Universiteti bitirib, bunu elmlər doktoru elə. Həmin dövrdə Əli Həsənov Tamerlan Qarayevin partiyasının qurucularından biri idi, mən bunları bilirdim. Sadəcə olaraq mən yaxşı təhsilli gənclərin irəli çəkilməsinə çalışırdım”.

1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransı keçiriləndə Əli Nağıyev adaşının Siyasi Şuranın üzvü seçilməyinə nail olub, Bakıya gələndən sonra isə onu YAP-ın aparatında işə götürüb. “Əli Həsənovu əvvəlcə aparata işə götürdüm, sonra isə ideologiya şöbəsinin müdiri təyin etdim. Həmin vaxtı Əli Həsənova vəzifə verəndə bütün YAP üzərimə qalxdı, məni qınayırdılar. Sözsüz ki, o vaxtı mənim YAP-da imkanlarım elə idi ki, bu etirazların hamısının qabağını almağı bacarırdım. Xeyrəddin Qoca qəzetdə yazdı ki, Heydər Əliyevin partiyasının ideologiyası şöbəsinin müdiri gərək böyük adam olsun”, – Əli Nağıyev danışıb.

Amma onun sözlərinə görə, sonradan PA-da şöbə müdiri işləyərkən Əli Həsənov YAP-ın tanınmış funksionerinin elədiyi bütün yaxşılıqları unudaraq, onun ayağının altını qazmağa başlayıb. Qeyd edək ki, bu, təkcə Əli Nağıyevin başına gəlməyib. Mehdiyev-Həsənov tandemi öz vəzifələrində möhkəmlənən kimi müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin kursuna sadiq olan “91-lər”in və dövlət məmurlarının əksəriyyətinə qarşı misli görünməmiş “tələ”lər qurmaqla və tabeliklərində olan media quruluşları vasitəsilə şər-böhtanlar yağdırmaqla onları müstəqil dövlət quruculuğundan, partiyadan uzaqlaşdırıblar və ya həyatlarını məhv ediblər.

Əli Həsənovun hətta YAP-la biznes arasında vurnuxduğu dövrdə Bakıda keçmiş deputat Hüseyn Abdullayevin yanında qapan tərəziçisi çalışdığı da iddialar arasındadır. Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva bildirib ki, Ə.Həsənov onun oğlunun hesabına vəzifəyə gedib, prezidentin köməkçisi postuna qədər irəliləyib: “O, Hüseynin yanında işləyib. Hüseynin hesabına oralara gedib çıxdı” (operativtv.com).

YAP qurucularının sözlərinə görə isə bu siyasi təşkilatın yaranmasında və formalaşmasında sonradan “91-lər” adlandırılan ziyalıların böyük rolu olub. 91 nəfər tanınmış ziyalı 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün müraciətə imza atmışdı. Onların arasında nə Ramiz Mehdiyev, nə də Əli Həsənov olub.

Hətta Əli İnsanovun sözlərinə görə, o dövrdə Elmlər Akademiyasında sıravi vəzifədə çalışan Ramiz Mehdiyevə həmin müraciətə imza atmaq təklif olunsa da, o, bundan imtina edib.

Amma Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Ramiz Mehdiyevin o dövrdə Prezidentin işlər idarəsinin müdiri Akif Muradverdiyevin olduğu bütün məclislərdə onun başına pərvanə kimi dolandığını, onun gəlişini güddüyünü xatırlayan şahidlər var.

Deyirlər ki, insan həyatda əməli ilə yadda qalır. Əli Həsənovun “böyük dövlət adamı” hesab etdiyi Ramiz Mehdiyev isə hakimiyyətə gəlmək xahişi ilə Rusiyanın rəsmi dairələrinə ünvanladığı məktubla, yəni müstəqil dövlətimizə xəyanətlə yadda qalacaq.

Xatirə SADİQ