Almaniyanın keçmiş kansleri Angela Merkel hazırkı kansler Fridrix Mertsi miqrasiya siyasəti ilə bağlı açıqlamalarına görə tənqid edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bild” yazıb.
Merkel öz tərcümeyi-halının ictimai oxunuşu zamanı siyasətçiləri 2015-ci il miqrant böhranını “qaçqın axını” adlandırmamağa çağırıb. Keçmiş kansler qeyd edib ki, insan axını arasında həmişə “insanı görmək” vacibdir.
“Qaçqınlarla bağlı siyasətdə biz “məsələdə dürüst və tonumuzda mülayim” olmalıyıq”, – Merkel vurğulayıb.
Bu zaman Merkel indiki kanslerin adını çəkməyib. Amma “Bild” onun sözlərini Almaniyadakı cari debatlar və hazırkı kansleri tənqid edən şərh kimi qiymətləndirib.
Oktyabrın ortalarında Potsdamda keçirdiyi mətbuat konfransında Merts bildirib ki, miqrasiya sahəsində problemlər qalıb və onların “şəhərlərin simasında” əks olunduğunu vurğulayıb.
Suallara cavab olaraq kansler jurnalistlərə izahat üçün öz qızlarına müraciət etməyi təklif edib və bu, mədəni mühitin dəyişməsinə işarə kimi qəbul edilib.
Mertsin sözləri müxalifət partiyaları, ictimaiyyət və Almaniya Sosial Demokrat Partiyası (SPD) daxil olmaqla hakim koalisiya tərəfindən kəskin tənqidlərə səbəb olub. Kanslerin sözləri irqçi və ayrı-seçkilik kimi qiymətləndirilib.
Oktyabrın 24-də Almaniyanın Bielefeld şəhərində Mertsin açıqlamalarından qəzəblənən 4000 nəfərin iştirakı ilə nümayiş keçirilib. Mitinq “Biz şəhərin simasıyıq!” şüarı altında keçirilib və bu, kanslerin miqrasiya səbəbindən alman şəhərlərinin simasının dəyişməsi ilə bağlı bəyanatına cavab olub.
Xatirə SADİQ












