Son vaxtlar avtomobillərin etibarnamə əsasında alqı-satqısı geniş yayılıb. Lakin bir çox hallarda bu üsulla avtomobil alan vətəndaşlar sonradan ciddi hüquqi problemlərlə üzləşirlər. Xüsusilə də etibarnamə sahibi vəfat etdikdə, həmin sənədin qüvvədə qalıb-qalmaması məsələsi cəmiyyətdə mübahisələr doğurur. Məsələyə nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov aydınlıq gətirib.
NOCOMMENT.az xəbər verir ki, onun KONKRET.az-a verdiyi açıqlamaya görə, etibarnamə sahibi vəfat etdikdə, həmin sənədin hüquqi qüvvəsi avtomatik olaraq ləğv olunur.

Ekspert bildirib ki, bu səbəbdən vətəndaşlar nəqliyyat vasitəsini etibarnamə əsasında deyil, birbaşa öz adlarına rəsmiləşdirməlidirlər:
“Etibarnamə sahibi dünyasını dəyişərsə, bu vəziyyət etibarnaməyə xitam verir. Yaxşı olar ki, hər bir şəxs nəqliyyat vasitəsini alarkən avtomobili etibarnamə ilə idarə etməsin, öz şəxsi adına keçirsin. Bunun üçün müəyyən prosedur qaydalar mövcuddur və onlara əməl edilməlidir. Əks halda vətəndaş sonradan ciddi problemlərlə üzləşə bilər.”
Aslan Əsədovun sözlərinə görə, belə hallarda avtomobilin qeydiyyatı, satışı və ya istifadəsi ilə bağlı hüquqi çətinliklər yaranır ki, bu da vətəndaş üçün xoşagəlməz nəticələrə səbəb olur.













