Rusiyanın zavodları Ukraynanın PUA hücumuna məruz qalıb.
NOCOMMENT.az xəbər verir ki, Rusiya mediasının verdiyi məlumata əsasən zərbə altında qalan müəssisələr Ulyanovsk vilayətində “NS-Oil” neft emalı zavodu, Stavropol diyarının Budyonnovsk şəhərində yerləşən “Stavrolen” kimya müəssisəsi və Mari El Respublikasının Tabaşino qəsəbəsində neftayırma zavodudur.
Bundan əlavə, Krımda da yanğınlar baş verib.
Simferopoldə neft bazası yanır. “Krımskiy veter” monitorinq qrupunun məlumatına əsasən, bu neft bazası Rusiya ordusunun təchizatı üçün fəal şəkildə istifadə olunur.
Qeyd edilir ki, dünən ərazidə maskalama torları ilə örtülmüş və dronlardan qorunmaq üçün xüsusi müdafiə vasitələri ilə təchiz edilmiş yanacaq maşınlarının intensiv hərəkəti müşahidə edilib.
Qvardeyskdəki ATAN neft bazası da yenidən alovlanıb.
Qeyd edək ki, Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 100 PUA vurub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Bryanskda 46, Kaluqada 12, Belqorodda 8, Krasnodarda 7, Moskva və Orlovda 6, Ulyanovskda 4, Krım və Mari El respublikası üzərində 3, Stavropolda 2, Kursk, Smolensk və Tulada isə hər birində 1 PUA zərərsizləşdirilib.













