Sudanın Şimali Darfur vilayətinin paytaxtı Əl-Faşerdə ölənlərin sayı 2227 nəfərə çatıb.
NOCOMMENT.az “Əxbar-əl-Əsr” nəşrinə istinadən xəbər verir ki, bu, şəhərin oktyabrın 26-da Çevik Reaksiya Qüvvələrindən (ÇRQ) olan qiyamçıların əlinə keçməsindən sonra baş verib.
Regional hökumətin nümayəndəsi Aqad Ben Koninin sözlərinə görə, qurbanlar arasında uşaqlar, qadınlar və qocalar var. Onlar xəstəxanalarda, məscidlərdə və qaçqın mərkəzlərində güllələniblər.
Son dörd gündə 393 mindən çox sakin şəhəri tərk etmək məcburiyyətində qalıb. Ben Koninin təxminlərinə görə, qaçqın düşərgələrinə yalnız 30 minə yaxın adam çata bilib. Qalanlarının taleyi məlum deyil.
Qiyamçılar oktyabrın 26-da bəyan ediblər ki, Sudan ordusunun 6-cı piyada diviziyasının Əl-Faşerdəki qərargahını ələ keçiriblər. Bu qərargah Darfurda hökumət qüvvələrinin son qalası idi.
 
  
  
 
Sudanda ÇRQ ilə nizami ordu arasında münaqişə 15 aprel 2023-cü ildən davam edir.
BMT Təhlükəsizlik Şurası Sudanın Əl-Faşer şəhərində zorakılığın artmasından narahatlıq ifadə edib və qiyamçıların mülki əhaliyə qarşı törətdiyi vəhşilikləri, o cümlədən kütləvi qətlləri və qanunsuz həbsləri pisləyib.
Xatirə SADİQ









