İranda son onilliklərin ən ciddi quraqlığı yaşanır. Su ehtiyatlarının tükənməsi, Tehranda hava çirkliliyinin artması və ekoloji problemlərin dərinləşməsi fonunda Prezident Məsud Pezeşkian paytaxtın köçürülməsi məsələsini yenidən gündəmə gətirib.
Pezeşkian bildirib ki, Tehran artıq ciddi su çatışmazlığı ilə üzləşib və bu vəziyyət şəhərin davamlı yaşayış üçün yararsız hala düşməsinə səbəb olur. Qeyd edək ki, paytaxtın köçürülməsi məsələsi İranda illərdir müzakirə olunsa da, bu dəfə məsələ daha ciddi şəkildə gündəmdədir.
Mövzunu NOCOMMENT.az-a şərh edən politoloq Əli Mustafa bildirib ki, paytaxtın dəyişdirilməsi təklifinin arxasında dərin ekoloji problemlər dayanır:
“İranda son vaxtlar paytaxtla bağlı problemlər çoxalıb. Ümumiyyətlə, burada ekoloji böhran hökm sürür – tüstü, duman, təmiz hava çatışmazlığı, üstəlik su qıtlığı vəziyyəti gərginləşdirib. Tehran nə su ilə özünü təmin edə bilir, nə də havası sağlamdır. Bu səbəbdən Pezeşkian prezidentliyinin ilk günlərindən paytaxtın köçürülməsi fikrini səsləndirib”.

Politoloqun sözlərinə görə, İran rəhbərliyi yeni paytaxtı ölkənin cənub bölgəsində – əhalinin seyrək yerləşdiyi ərazilərdə salmağı nəzərdən keçirir:
“Cənub bölgəsi daha isti olsa da, oradakı əhali bu iqlimə uyğunlaşıb. Lakin sanksiyalar altında olan İranın yeni paytaxt tikintisinə kifayət qədər maliyyə resursu yoxdur. Buna görə də məsələ hələlik konkret qərar mərhələsinə çatmayıb.”
Ekspert hesab edir ki, İranın əsas çıxış yolu paytaxtı dəyişməkdən çox ekoloji siyasətin gücləndirilməsi, su resurslarının bərpası və Tehranda infrastrukturun modernləşdirilməsi ola bilər.
Aynurə İsmayıl









