Əsas Qanunumuzda prioritet insan hüquqlarıdırbackend

Əsas Qanunumuzda prioritet insan hüquqlarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin müstəqillik dövründə siyasi, hüquqi və ictimai həyatının bütün sahələrini müəyyən edən əsas sənəddir.

Hüquq sisteminin aparıcı sütunu sayılan konstitusiyanın demokratikliyi, hamılıqla qəbul edilmiş ümumbəşəri norma və prinsiplərə cavab verməsi adekvat olaraq ictimai münasibətləri tənzimləyən qanunların liberallığında, vətəndaşın hüquq və azadlıqlarına maksimum təminat yaratmasında real təcəssümünü tapır. Bu mənada hər bir dövlətin konstitusiyası onun ictimai-siyasi, iqtisadi, hüquqi və mədəni həyatının aynası hesab olunur.

Ötən əsrin 90-cı illərinin əvvələrində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın çeşidli təhdidlərlə üzləşməsinə rəğmən, Heydər Əliyevin rəhbərliyi ilə demokratik ölkə quruculuğu prosesinin dönməzliyi təmin edildi. 1995-ci il noyabrın 12-də Ümummilli liderin müəllifi olduğu və referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası cəmiyyətdə yeni konstitusionalizm nəzəriyyəsini və praktikasını formalaşdırdı. Müdrik, uzaqgörən lider bununla Azərbaycanın neçə illər irəliyə inkişafının təməlini yaratdı. Bəli, Ulu öndər ölkəmizin uğurlu gələcəyinə inanırdı. O, dövlətçiliyin möhkəmləndirilməsinin, Azərbaycanın pozulmuş ərazi bütövlüyünün bərpasının vacibliyini daim vurğulayır və bu yolda əzmlə çalışırdı.

Zaman keçdikcə cəmiyyətin inkişafı, beynəlxalq münasibətlərin dəyişməsi, eləcə də qloballaşmanın gətirdiyi yeni çağırışlar Konstitusiyanın müəyyən müddəalarının yenilənməsini zərurətə çevirdi. Çağdaş dövrün tələblərinə cavab verilməsi məqsədilə Konstitusiyaya edilən əlavə və dəyişikliklər beynəlxalq hüquqa və reallığa tam adekvat idi. Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub.

***

2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Konstitusiyaya ümumxalq referendumu ilə edilmiş əlavə və dəyişikliklər həm də beynəlxalq hüquqi aktların Əsas qanunda daha dolğun ifadəsini tapması ilə nəticələndi. Məsələn, Birləşmiş Millətlər Təşkilatının 1966-cı il tarixli “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt”ında, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ında, habelə Avropa Şurasının 1961-ci il tarixli Avropa Sosial Xartiyasında vətəndaşların sosial və mədəni hüquqlarının təmini vacib məsələ kimi önə çəkildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Əsas Qanunun 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, bu hüquqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəldilib.

Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Bu kontekstdə qeyd olunmalıdır ki, 30 ilə yaxın müddətdə doğma yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtması onların pozulmuş mülkiyyət hüquqlarının bərpasına şərait yaratmağı nəzərdə tuturdu. 2020-ci ilin sentyabrında başlayıb noyabrında Zəfərimizlə başa çatmış Vətən müharibəsində Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnu bərpa etdi. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində şanlı qələbəyə doğru birgə addımladı, işğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımızın ucaldılmasına və Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpasına nail oldu.

***

Ümumbəşəri demokratik dəyərlərə əsaslanan Ali Qanunumuz respublikamızın gələcək inkişaf prioritetlərini dəqiq müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarır. 5 bölmədən, 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasının 48 maddəsinin və yaxud üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması onun beynəlxalq səviyyədə mükəmməl Əsas Qanun kimi qəbulunu şərtləndirir. Konstitusiyada əksini tapmış strateji məqsədlər, ilk növbədə, hüquqi islahatların və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edir. Ali Qanuna edilən dəyişikliklər Azərbaycanın beynəlxalq hüquqa inteqrasiyasını gücləndirir, ölkənin demokratik inkişafını və insan hüquqlarının təminatını daha da möhkəmləndirir. Nəticə etibarilə, Konstitusiyanın yenilənməsi dövrün tələblərinə cavab verən, insan və cəmiyyət mərkəzli hüquqi dövlətin formalaşmasına xidmət edir.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq-azadlıqları tam və əhatəli şəkildə təsbit olunub. Kommunizm quruculuğunu özünün ali məqsədi elan etmiş keçmiş sovet konstitusiyasından fərqli olaraq, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edir. Konstitusiyamızın hüquqi bazasını təşkil edən beynəlxalq hüquqi aktlar sırasında BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ilə yanaşı, BMT-nin 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasını, Qadınların siyasi hüquqlarına dair 1952-ci il tarixli Konvensiyanı, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1979-cu il Konvensiyanı, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1965-ci il Beynəlxalq Konvensiyanı xüsusi vurğulamaq lazımdır. Bəli, Azərbaycan Konstitusiyasının əsasında sivil dünyanın istinad etdiyi mütərəqqi, demokratik ruhlu beynəlxalq saziş və konvensiyalar dayanır. Azərbaycan demokratik dəyərlərə sadiq ölkə kimi qəbul etdiyi bir sıra qanunların, normativ-hüquqi aktların beynəlxalq hüquqi aktlara uyğunlaşdırılmasını, onlarla bağlı beynəlxalq hüquqi ekspertizanın keçirilməsini təmin edir.

Bu gün bəşəri dəyərləri, demokratik prinsipləri rəhbər tutan Azərbaycan dövləti ölkə daxilində yaşayan vətəndaşları qarşısında öz öhdəliklərini yerinə yetirməklə kifayətlənmir, eyni zamanda, xaricdə yaşayan soydaşlarımızın siyasi, iqtisadi və sosial hüquqlarını beynəlxalq standartlara uyğun şəkildə qoruyur.

İlahə SADIQOVA,
beynəlxalq münasibətlər üzrə ekspert