Ötən gün Qazaxıstan KİV məlumatı azərbaycanlı oxucuları da həddindən artıq həyəcanlandırdı. Məlumatda bildirilir ki, bu ilin sentyabrında Qazaxıstandakı müşahidə stansiyaları dənizin şimal-şərq hissəsində orta səviyyəni 29,15 m, şərq hissəsində isə 29,46 m olaraq qeydə alıb.
Ümumilikdə, Qazaxıstan üzrə orta səviyyə 29,31 m-dir. Ötən illə müqayisədə dəniz səviyyəsi şimal-şərq hissəsində 20 sm, şərq hissəsində isə 17 sm azalıb.
Bundan bir neçə gün əvvəl isə Azərbaycan televiziyasının hazırladığı süjetdə Xəzərin səviyyəsi azaldığı və bu cür davam edərsə, Bakı bulvarı ilə dəniz arasında təxminən 30 kilometrə qədər torpaq sahəsi yaranacağı önə sürülürdü.

Bu rəqəmlər onu göstərir ki, Xəzər sürətlə yox olur. Çox yaxın illərdə Aral və Urmiya gölünün aqibəti Xəzər dənizini də gözləyir.
Urmiya gölü səhraya çevriləndən İran su problemi ilə üz-üzə qalıb. Ötən həftə İran dövlət “sos” siqnalı çalırdı ki, paytaxt Tehranın içməli su təchizatı iki həftə ərzində tükənmək təhlükəsi ilə üzləşib:
”Paytaxtın su idarəsinin direktoru Behzad Parsa bildirib ki, hazırda şəhərin əsas su anbarı olan Əmir Kəbir bəndində “cəmi 14 milyon kubmetr” su qalıb. Bir il əvvəl bu məbləğ 86 milyon kubmetr idi.
Suların quruması özü ilə bərabər müxtəlif problemlər də gətirib. Məsələn Mütəxəssislər bildirirlər ki, Zayendeh Rud çayının quruması səbəbindən İsfahandakı 33 tağ körpünün çökməsi təhlükəsi artıb.
Bu günlərdə Türkiyə mətbuatı da 3,5 milyon əhalisi olan Bursa şəhərində tezliklə içməli suyun tükənəcəyini yazır.
Türkiyənin ciddi içməli su böhranı yaşayan şəhərlərindən biri olan Bursada yerləşən Nilüfər su anbarı tamamilə quruyub, Doğanc su anbarı isə cəmi 19 faiz doludur. Şəhər üçün su ehtiyatının təxminən 35 gün olduğu təxmin edilir.

Qazaxıstanda Aral dənizinin, İranda Urmiya gölünün tamamilə quruyaraq səhraya çevrilməsi, 2021-ci ildə isə Türkiyənin Konya və Afyonqarahisar bölgələri arasında yerləşən, uzunluğu 39 km , genişliyi 20 km, ərazi 353 km2 , orta dərinliyi 2 m ,ən dərin nöqtəsi 4 m,
suyunun həcmi 460 milyon m³ olan Ağşəhər gölünün suyu tamamilə buxarlanıb.Göl səhraya dönüb.
Görünən odur ki, dənizi qurumağa məhkum bizimlə bərabər yaxın qonşu ölkələrdə də su qıtlığı , su problemi böyük çətinliklərə, mənfi dəyişikliklərə səbəb olacaq.
Əntiqə Rəşid









