Amerikada dövlət başçısının nəyə qadir olduğu barədə rəy onun hakimiyyətə gəldiyi 100 gün ərzində formalaşır.
Amma, yəqin ki, dövlət başçısının fəaliyyətini üç ay ərzində qiymətləndirməyi bacaran amerikalıların bizim bəzi məmurların, o cümlədən elm və təhsil naziri Emin Əmrullayevin açıqlamalarını anlamağa gücü çatmazdı. Hətta Əmrullayev onlara “dogma” olsa belə. Zarafat deyil, nazir ABŞ-nin Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib.
Əlqərəz, bu gün nazir Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, “Azərbaycan təhsilinin ən problematik hissəsi ibtidai təhsildir” (“Qafqazinfo”).
Onun sözlərinə görə, ibtidai təhsili düzəltmədən, orta, tam orta, peşə və ya ali təhsili düzəltmək olmur.
“Çünki fundamentsiz ev tikmək olmur. Ona görə də təxminən 40-50% uşaq artıq ibtidai təhsildən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir. İbtidai təhsilin içinə girib düzəltmək lazımdır”.
Fundamentsiz ev tikməyin qeyri-mümkün olduğu fikri ilə razılaşırıq. Amma ritorik sual meydana çıxır: 27 iyul 2020-ci ildən təhsil naziri, 28 iyul 2022-ci ildən elm və təhsil naziri olan Emin Əmrullayev bu 5 il ərzində nazir nədən “ibtidai təhsilin içinə girməyib”.
Yəqin başı basketbola və “Neftçi” komandasına qarışıb. Axı 14 dekabr 2021-ci ildən həm də Azərbaycan Basketbol Federasiyasının prezidenti, 30 noyabr 2022-ci ildən Neftçi PFK Müşahidə Şurasının üzvüdür.
5 ildən sonra ayılıb, “ibtidai təhsilin içinə girmək lazımdır” deyən nazir elmə və təhsilə lazımdırmı? “Lazımdır”ı kənddəki Məhəmməd baba, Fatmanisə nənə də bilir…
Xatirə SADİQ












