Bazarlarda mənşəyi məlum olmayan müxtəlif növ yağların hazırlanması və satışının həyata keçirilməsi, o cümlədən məhsulların emalı və saxlanma şəraitinə əməl edilməməsi ilə bağlı mediada yayılan məlumat əsasında monitorinq aparılıb.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bakı şəhərinin Nərimanov rayonu, Xətai prospekti 25 ünvanında fəaliyyət göstərən “Green Food Group” QSC-yə məxsus “Yaşıl” bazarda və Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 49C ünvanında “Kəngərli” bazarında plandankənar yoxlama keçirilib.
Baxış zamanı soyuq sıxım yağ məhsullarının emalı ilə məşğul olan subyektlərin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, məhsulların emalı üçün sanitar-gigiyenik və sanitar-texniki şəraitin təmin olunmadığı, yağların hazırlanmasında istifadə olunan toxum xammallarının saxlanma qaydalarına əməl edilmədiyi məlum olub. Emal və satış proseslərində işçilərin gigiyenik norma və qaydalara riayət etmədiyi, mənşəyi məlum olmayan xammallardan istifadə olunduğu və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək yağ emalı və satışı obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb, hazır məhsullar dövriyyədən çıxarılaraq satışı dayandırılıb, nöqsana yol verən şəxslər barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilib.
Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
“Kəngərli” bazarında fəaliyyət göstərən fiziki şəxs Şalbuz Vəzir oğlu Şahvələdov tərəfindən emal olunan soyuq sıxım zeytun yağı nümunəsində olein, linol və begen turşusu üzrə uyğunsuzluq müəyyən edilib. Belə ki, zeytun yağı nümunəsinin yağ turşu spektri qarğıdalı yağının yağ turşu spektri ilə eynilik təşkil edib.
İstehlakçının aldadılmasına yönəlmiş qanunsuz halla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.










