“Müvəqqəti sağlamlıq problemləri olan şəxslərin hərbi xidmətə çağırışı müəyyən müddətə təxirə salına bilər”.
NOCOMMENT.az xəbər verir ki, bu fikirləri KONKRET.az-a terapevt Rasif Bağırov səsləndirib. Bildirib ki, hərbi xidmətə yollanmazdan əvvəl pnevmoniya, travma, sınıq, cərrahi əməliyyat, appendisit və ya digər müvəqqəti xəstəliklər keçirən şəxslər sağlamlıqlarını tam bərpa edənədək çağırışdan azad edilməlidirlər:

“Əgər kimsə pnevmoniya keçirirsə, təsadüfən travma alırsa, əli və ya ayağı sınırsa, yaxud əməliyyat olunubsa, bu zaman həmin şəxs müvəqqəti olaraq çağırışdan dayandırılmalıdır. Onlar tam sağaldıqdan sonra növbəti çağırış dövründə hərbi xidmətə yola salınmalıdır.”
Həkimin sözlərinə görə, belə hallarda çağırışçının 30 yaşına qədər kifayət qədər vaxtı olur və əsas məqsəd hərbi xidmətə sağlam şəkildə yollanmağın təmin edilməsidir.
Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, hərbi xidmətə çağırışdan əvvəl bəzi cərrahi əməliyyat keçirən şəxslər möhlət hüququ əldə edə bilir.
“Möhlət başa çatdıqdan sonra çağırışçılar yenidən tibbi komissiyadan keçirilir. Sağlamlıqlarında problem aşkar olunmadığı təqdirdə onlar hərbi xidmətə çağırılır, əks halda isə növbəti möhlət hüququna sahib olurlar”.














