“Dünya və Avropa ümumtəhsil sistemində çoxdan başlanılan pedaqoji mühitin iş saatına görə hesablanma qaydası bizdə indi müzakirə olunmağa başlayıb”.
Bu fikirləri NOCEMMENT.az-a açıqlamasında müəllimin həftəlik dərs yükünün 18–24 saat olacağı, qalan saatlarda isə digər təhsillə bağlı fəaliyyətlə məşğul olacağını əks etdirən yeni modelin tətbiqini şərh edərkən təhsil eksperti Elmin Nuri deyib.

Ekspert qeyd edib ki, Azərbaycan təhsil müəssisələrində müəllimlərin iş fəaliyyəti iki əsasla – saat hesabı və ştat vahidi ilə hesablanır:
“Hər ikisində prosedur demək olar ki, mahiyyət etibarı ilə eynidir. Çünki ştatda işləyən də, saat hesabı olan da dərs saatına görə maaş alır. Bu qayda ona görə idi ki, ştat vahidi əsasında çalışan müəllim əməkhaqqını rəsmi qaydada bir ştat vahidi qədər ala bilsin. Bu hüquqi parametrlər baxımından doğrudur.
Əksər ölkələrdə isə iş saatına görə 9:00–18:00 və ya 08:00–17:00 prinsipi ilə işlənir. Ümumilikdə, 8 saatlıq iş prinsipinə əsaslanır. Amma bu, o demək deyil ki, maaşlar dərs saatına görə hesablananda 20-22 saat dərs deyən müəllim nə qədər maaş alırdısa, indi də iş saatına görə hesablananda eyni məbləği alacaq. Bu, nə belə olub, nə də belə ola bilər”.
Elmin Nuri qeyd edib ki, bu prosesə yalnız sertifikasiyada yüksək bal toplayan müəllimlər cəlb olunacaqlar:
Təhsil naziri Emin Əmrullayev məsələyə aydınlıq gətirərək bildirib ki, bu proses könüllüdür. Yəni, iş saatına görə məktəbdə qalmaq istəməyən müəllim qalmaya bilər.
Bu prosesə yalnız sertifikasiyada yüksək bal toplayan müəllimlər cəlb olunacaqlar. Çünki əvvəlki qaydada öz dərslərini keçməklə yanaşı, 8 saatlıq iş qrafikində işləmələrinə imkan verən bəzi yeniliklər tətbiq olunmalıdır. Məsələn, şagirdlərlə fərdi iş, valideynlərlə əməkdaşlıq, mövzulara daha yaxşı hazırlıq, sosial aktivliyin artırılması və s”.
Ekspert qeyd edir ki, müəllimlərin iş qrafiki ilə bağlı atılacaq addımlar təkcə repetitorluğa qarşı mübarizə deyil.
“O, burada sadəcə bir elementdir. Əsas məsələ məktəbi özünə qaytarmaq, öz mahiyyətinə yaxınlaşdırmaq… Bu uzun zaman alan və çətin prosesdir. Amma haradansa, nə zamansa və necəsə başlamaq lazım idi…”
Xatırladaq ki, bu gün elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, sertifikasiyadan yüksək bal toplayan müəllimlər üçün daimi iş rejiminə keçid və yüksək əməkhaqqı sistemi tətbiq olunacaq. Onlar 18 saat dərs yükü ilə yanaşı, qalan vaxtlarını təhsilə aid digər fəaliyyətlərə sərf edəcəklər. Nazir vurğulayıb ki, proses könüllüdür və istəməyən müəllimlər əvvəlki kimi saathesabı sistemlə işləməyə davam edə biləcəklər.
Aynurə İsmayıl













