Ukraynaya hücumla bağlı Rusiya prezidenti Vladimir Putinin “düşünülməmiş qərarı” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Qərb üçün əvəzolunmaz və toxunulmaz edib.
NOCOMMENT.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu öz köşə yazısında Mark Çempion iddia edib.
Məqalədə deyilir ki, Türkiyə Qara dənizdə dominantlıq uğrunda əsas rəqibi olan Rusiyanın başqa limanlara və ya sahil xəttinə çıxış əldə etməsini istəmir, ona görə də Ukraynanın silahlanmasına xəlvəti kömək edirdi.
Köşə yazarının sözlərinə görə, Ankaranın eyni zamanda Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmaqdan imtinası və Rusiya ticarəti üçün tranzit məntəqəsi kimi çıxış etməsi həm Rusiya neftini endirimlə almaq, həm də böyük gəlir əldə etmək imkanı qazandırdı.
Müəllif hesab edir ki, ölkədə nüfuzunun azalması və iqtisadi problemləri fonunda bu, Ərdoğan üçün uğur idi. Ən azından Ərdoğanın komandası artan inflyasiyanın öhdəsindən gələ bildi. Üstəlik, Rusiyanın Ukraynada cəmləşməsi Ərdoğana Suriyada Əsəd rejiminin süqutunu təşkil etmək və kürdlərlə sülh bağlamaq fürsəti verdi. Bu da ölkə daxilində 40 ildir davam edən qarşıdurmaya mahiyyətcə son qoydu.
Mark Çempion qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzü Türkiyəni regionda əsas oyunçuya çevirib. Onun fikrincə, Ərdoğan bunu hiss edir və buna görə də ölkə daxilində, o cümlədən əsas rəqiblərinə qarşı repressiyaları gücləndirir. Amma demokratiya ilə bağlı problemlərə baxmayaraq, Qərbin Türkiyəyə ehtiyacı var. Ən azından Türkiyənin ona ehtiyacı olduğu qədər.
Türkiyənin yerləşdiyi coqrafi mövqe və Qara dənizə çıxış üzərində nəzarət heç zaman olmadığı kimi daha çox strateji əhəmiyyət kəsb edir. Onun böyük ordusu, inkişaf etmiş və müasir müdafiə sənayesi, eləcə də işçi qüvvəsi var. Bu isə Avropanın “durğun, qocalmış və yüksək xərcli iqtisadiyyatı” üçün getdikcə daha böyük qiymət kəsb edir.
Xatirə SADİQ









