“Azərbaycanın Ukraynadakı səfirliyinin binasına dəyən ziyana görə Rusiya tərəfi məsuliyyət daşıyır. Dinc əhalinin yaşadığı Kiyevin raket və dron hücumlarına məruz qalması azmış kimi üstəlik diplomatik korpusların binaları da hədəfə götürülür. Belə hallar Rusiyaya başucalığı gətirmir”.
Bu fikirləri NOCOMENT.az-a açıqlamasında Ədalət Partiyasının sədri Mütəllim Rəhimli səsləndirib:
“Azərbaycan haqlı olaraq bununla bağlı Rusiyaya rəsmi nota təqdim edib və məsələyə aydınlıq gətirilməsini istəyib. Nota-da vurğulanır ki, səfirliyin yerləşdiyi kordinatlar əvvəlcədən Rusiyaya təqdim edilmişdi ki, Kiyevə hücum zamanı bunu nəzərə alsın. Göründüyü kimi, Rusiya özünü məsuliyyətsiz aparıb. Qarşı tərəf rəsmi cavab verməsə də dövlət mediası bu hadisəni Ukraynanın yanlışlıqla törətdiyinə dair gülünc məlumatlar yayır. Rusiya ənənəvi olaraq günahını etiraf etməkdənsə, məsuliyyəti başqasıının üzərinə yıxmağa çalışır. Bu da onun niyyətinin çirkin olduğunu göstərir”.
Ekspertin sözlərinə görə, Azərbaycan bu kimi məsələlərdə hər zaman prinsipial mövqe nümayiş etdirib:
“Qroznı yaxınlığında vurulan sərnişin təyyarəmizlə bağlı hadisələri xatırlamaq kifayətdir. Rusiyanın bütün bəhanələrinə rəğmən Azərbaycan rəsmi izah və üzrxahlıq tələb etməlidir. Əks halda Rusiya gələcəkdə ölkəmizə qarşı bu cür təxribatlərı artıra bilər. Avqust ayında iki dəfə SOCAR-ın Ukraynadakı anbarlarına zərbələr endirdiyini də unutmamalıyıq. Bütün bunlar cavabsiz qaldıqca Rusiya ruhlanır. Ona görə də səfirliyinizə dəyən ziyanla bağlı Rusiya rəsmi şəkildə üzr istəməli və zərəri ödəməlidir. Bütün bunlar olmasa, təbii ki, münasibətlərdə soyuqluq artacaq. Bunun isə məsuliyyəti qarşı tərəfin üzərinə düşür.









