Almaniya Kansleri Fridrix Mers siyasi və ya dini səbəblərə görə təqib olunan şəxslərin ölkədən çıxarılmayacağını bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, Mers CDU və CSU-nun Yerli Siyasət Birliyinin tədbirində çıxış edərək bildirib ki, bu kateqoriyaya daxil olan insanlar Almaniyada qalmağa davam edəcəklər.
Onun sözlərinə görə, vətəndaş müharibələrindən qaçaraq Almaniyaya sığınanlar üçün isə vəziyyət fərqlidir – müharibə bitdikdən sonra geri dönüşün zəruri olduğunu vurğulayıb.
Kansler Suriyanın yenidən qurulması mövzusunda Suriya rəhbərliyi ilə əlaqə qurulacağını da açıqlayıb:
“Orada yenidənqurma üçün insanlara ehtiyac var. Almaniyada yaşayan suriyalıların geri dönməsi üçün onları həvəsləndirən şərtlər yaratmalıyıq.”
Mers əlavə edib ki, Almaniyaya uğurla inteqrasiya olmuş və öz dolanışığını təmin edən miqrantlara daimi oturum imkanı veriləcək:
“Çoxu burada təhsil alıb, həkim, mühəndis, müxtəlif sahələrdə mütəxəssis olub. Cəmiyyətə uyğunlaşan, ailəsini təmin edə bilənlərə ölkədə qalmaq üçün yol açmaq istəyirik.”
Almaniyanın Daxili İşlər naziri Aleksandr Dobrindt də açıqlama verərək, ölkəyə yaxşı inteqrasiya olmuş suriyalıların yaxın zamanda deportasiya edilməsinin gündəmdə olmadığını bildirib. O, inteqrasiyanın uğurunun suriyalıların öz səylərindən asılı olduğunu vurğulayıb.
Nazir eyni zamanda xəbərdarlıq edib ki, vətəninə müvəqqəti səfər edən suriyalılar Almaniyadakı qorunma statusunu itirə bilərlər:
“Əgər biri öz ölkəsinə gedə bilirsə, deməli onun üçün təhlükə yoxdur. Bu halda qorunma hüququ da başa çatır.”













