Sosial şəbəkədə “Ali və Nino” kitab mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərlinin Mədəniyyət Nazirliyini sərt tənqid edən paylaşımı gündəm yaradıb. O, müğənni Nura Surinin nazirlikdəki proseslərə etirazını dəstəkləyərək bildirib ki, mədəniyyət sahəsində baş verənlər, xüsusilə də kitab sektorunda durum daha acınacaqlıdır.
Köçərli deyir ki, nazirlik real iş görmək əvəzinə, intriqalarla məşğul olur və yaradıcı insanlara maneələr yaradır:
“Kitab bazarında həmkarlıq yaratmaq əvəzinə, elə intriqalarla məşğuldurlar ki, naşirlər bir-birinə nifrət edir. Xarici sərgilərdə stendlərimiz sönükdür, ən baha otellərdə özlərini və heç bir dəxli olmayan şəxsləri aparırlar.”
Onun sözlərinə görə, beynəlxalq kitab sərgilərinə dövlət hesabına təşkil olunan səfərlər “biabırçı şəkildə” həyata keçirilir. Siyahılara ya nazirlik əməkdaşları, ya da “özünü yaxşı aparan” naşirlər salınır. Köçərli əlavə edib ki, Azərbaycanda dünya bazarında təqdim ediləcək səviyyədə kitab olmadığı üçün ölkənin stendləri maraq doğurmur”.
Nigar Köçərlinin fikirlərinə münasibət bildirən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net portalının yaradıcısı, yazıçı-kulturoloq Aydın Xan Əbilov NOCOMMENT.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda mədəniyyət sahəsində narazılıq uzun illərdir mövcuddur və bu, təsadüfi deyil.
Onun sözlərinə görə, nazirlik yaradıcılıq adamlarına qayğı göstərmir, əksinə, eyni “seçilmiş” şəxsləri daim ön plana çıxarır:
“Mədəniyyət Nazirliyinin xətti ilə keçirilən tədbirlərdə həmişə eyni adamlar iştirak edir. İctimai Şura sıfır fəaliyyət göstərir, yalnız özlərinə qrant ayırmaqla məşğuldur.”
Əbilov bildirib ki, mədəniyyət sahəsinin inkişafı üçün ayrılan resurslar yanlış istiqamətlərə yönləndirilir və nəticədə gənc yaradıcı nəsil tamamilə diqqətdən kənarda qalır:
“Mədəniyyət Nazirliyi gənclərə, orta nəslə heç bir dəstək göstərmir. Eyni adamların kitabları, eyni məmur yazıçıların əsərləri nəşr olunur. Bu, sahəni dərin böhrana salıb.”
Yazıçı əlavə edir ki, mədəniyyət xadimlərinin ölkənin inkişafına verdiyi töhfələr lazımi şəkildə qiymətləndirilməyib:
“Yalçın Rzazadə, Baloğlan Əşrəfov kimi sənətkarlar milyonlar qazandırıb. Öləndə isə onları kənarda unudulmuş qəbiristanlıqlara aparırlar, nazirlik isə bunu görməzlikdən gəlir.”
Əbilov Mədəniyyət Nazirliyində çalışan şəxslər üçün akkreditasiyanın, imtahan sisteminin tətbiq edilməsini təklif edir və hesab edir ki, sahəni yenidən dirçəltmək üçün köklü dəyişikliklərə ehtiyac var.
“İctimai şura buraxılmalı, Prezidentin rəhbərliyi altında yeni şura formalaşmalıdır. Bu vəziyyət belə davam edə bilməz”, – deyə kulturoloq bildirib.
Aynurə İsmayıl












