Ukrayna və Rusiya arasında aparılan danışıqlardan sonra tərəflər İstanbul razılaşmalarını aktivləşdirmək və 1200 ukraynalı əsiri azad etmək barədə razılığa gəliblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov “Telegram” səhifəsində məlumat verib.
“Ukrayna Prezidentinin göstərişi ilə mən bu yaxınlarda Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindəki tərəfdaşların vasitəçiliyi ilə mübadilə prosesinin bərpası və əsirlərimizin azad edilməsi ilə bağlı məsləhətləşmələr apardım”, – deyə Umerov bildirib.
Onun sözlərinə görə, danışıqlar nəticəsində tərəflər İstanbul razılaşmalarını aktivləşdirmək barədə razılığa gəliblər: “Söhbət 1200 ukraynalının azad edilməsindən gedir”.
“Biz əsirlikdən qayıtması planlaşdırılan ukraynalıların Yeni il və Milad bayramlarını evdə – ailə süfrəsində, yaxınları ilə birlikdə qeyd etmələri üçün dayanmadan çalışırıq”, – deyə Umerov vurğulayıb.













