Əkrəm Həsənov: “Maaşları kredit borcuna görə çıxılan vətəndaşlar həmin banka məxsus kartını bağlatdıra bilər”
Son zamanlar banklar məhkəmə qərarı olmadan kredit borcunu vətəndaşın maaş kartına yönəldir. Bu da vətəndaşlar arasında narazılığa səbəb olur. Banklar məhkəmə qərarı olmadan kredit borcunu vətəndaşın əməkhaqqı kartına yönəldə bilərmi?
“Kredit müqavilələrində borcalan çox vaxt diqqət etmədən bankın maaş kartından birbaşa vəsait çıxarma səlahiyyətinə razılıq verir”
NOCOMMENT.az xəbər verir ki, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov baki-xeber.com-a şərhində bildirdi ki, kredit müqavilələrində borcalan çox vaxt diqqət etmədən bankın maaş kartından birbaşa vəsait çıxarma səlahiyyətinə razılıq verir: “Banklar həmin addımı atır və vətəndaş çətin vəziyyətdə qalır. Belə hallarla qarşılaşan şəxslər işəgötürəndən maaşın başqa bankdakı hesabına köçürülməsini tələb edə bilər. Qanunvericiliyə əsasən, işəgötürən buna əməl etməlidir. Yaxşı olar ki, vətəndaşlar müqavilə şərtlərini diqqətlə oxusun və maaş kartı ilə bağlı öhdəliklərə xüsusi diqqət göstərsin”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bəzi vətəndaşların maaş kartı elə onun kredit götürdüyü banka aiddir. Kredit borcu yaranan kimi bank onların borcunu maaş kartından çıxarır: “Bu o deməkdir ki, bankla müştəri müqaviləsi var. Yəni əgər onun banka borcu yaranarsa, bank maaşından və digər hesablarından tuta bilər. Bu baxımdan bank qanunu pozmur. Maaşları kredit borcuna görə çıxılan vətəndaşlar həmin banka məxsus kartını bağlatdıra bilər. Vətəndaş iş yerinə müraciət edə bilər ki, maaşını həmin banka deyil, digər banka köçürsünlər. İş yeri isə ona deyə biməz ki, mən sənin maaşını A banka yox, B bankına ödəyəcəm. Belə olan halda bank onun maaşından pul çıxara bilmir”.













