Abşeron Rayon İcra Hakimiyyəti 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ərazidə tədbirlərin keçirilməsi xidmətlərinin satın alınacağını açıqlayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tədbirlər çərçivəsində 200 nəfərlik şəhid və qazi ailələri üçün Xırdalan şəhərində qapalı məkanda bayram tədbiri təşkil olunacaq, tədbir menyusuna soyuq və isti qəlyanaltılar, isti yeməklər, kabablar, desert və müxtəlif içkilər daxildir. Tədbir boyu LED monitor, yüksək keyfiyyətli səs sistemi və peşəkar musiqiçilər təmin olunacaq.
Həmçinin, tədbirin peşəkar foto və video çəkilişi həyata keçiriləcək, çəkilmiş materiallar fotokorreksiya edilərək elektron daşıyıcıda təqdim olunacaq. 16 qəsəbədən iştirakçıların daşınması, uşaqlar üçün hədiyyə qutuları və bayram şou proqramı da nəzərdə tutulub. Ümumi xidmətlərin ehtimal olunan qiyməti 161.955,00 AZN təşkil edir.
Xatırladaq ki, hazırda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.













