Nazirin müəllimlərin başında “dəlləkliyi”nə Heydər Əliyev nə deyərdi?backend

Nazirin müəllimlərin başında “dəlləkliyi”nə Heydər Əliyev nə deyərdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnkişaf etmiş ölkələrdə hökumətlərin ictimai rəyə çox diqqət yetirdiyi və onunla hesablaşdığı məlum məsələdir.

Azərbaycanda bəzi dövlət məmurlarının açıqlamalarını eşidəndə, istər-istəməz belə sual yaranır: Görəsən, Əsədov hökuməti ictimai rəylə maraqlanırmı? Axı cəmiyyətin nəbzini tutmaq üçün artıq hansısa mərkəzlərin fəaliyyətinə ehtiyac da yoxdur. Sosial media şəbəkələri onları əvəzləyib.

Yəqin baş nazir də eşitməmiş deyil ki, artıq neçə illərdir Nazirlər Kabinetinin üzvlərindən biri olan, elm və təhsil kimi sanballı sahəyə rəhbərlik edən Emin Əmrullayevin açıqlamaları cəmiyyətdə onun haqqında “hərdəmxəyal”, “bəsit yanaşma sahibi” kimi imic formalaşdırıb. Təəssüf ki, bir çox hallarda nazirin açıqlamaları böyük narazılıqla qarşılandığından insanlar təhsilimizdən tamamilə əllərini üzüblər.

İndi xaricə axın edən soydaşlarımızın əksəriyyəti vətəni tərk etmək kimi kritik qərarlarını övladlarının belə təhsil mühitində böyüməmələri naminə atdıqlarını əsas gətirir.

Vəzifəsi millətə mühazirə oxumaq deyil, dövlətimizin təhsil siyasətini icra etməli olan nazir Emin Əmrullayevin isə hər çıxışı, açıqlaması cəmiyyətdə, yumşaq desək, anlaşılmazlıq doğurur.

Elə bu günlərdə nazirin Milli Məclisin komitə iclasında məktəblərdə yeni könüllü model tətbiq ediləcəyini bildirməsi ölkədə “zəlzələ effekti” yaradıb. Prezident İlham Əliyevin məmurlara bütün xəbərdarlıqlarına baxmayaraq nazir hələ də anlamır ki, bu, cəmiyyətdə formalaşan “millətimiz öz çörək pulunu çıxara bilir, amma hökumət bütün işıq gələn yeri qapadır” rəyinin daha da gücləndirilməsinə gətirib çıxarır.

Emin Əmrullayev bildirib ki, məktəblərdə yeni model tətbiq etməyə hazırlaşırlar. Bu modelə əsasən, müəllim tamamilə daimi ştatda olacaq və onların dərs yükü həftədə 18–24 saat təşkil edəcək: “Qalan zamanda müəllim şagirdlərlə işləyəcək”.

Qısası, həmin modelə əsasən, dərslərinin olub-olmamasından asılı olmayaraq müəllimlər artıq saat 9-dan 6-dək məktəbdə olmalıdırlar. Dünyada insanların, eləcə də məktəblərin 4 günlük iş gününə keçməsi modelinin tətbiq edildiyi bir dövrdə elm və təhsil nazirinin müəllimləri 9-dan 6-dək orta təhsil müəssisələrində “oturtmaq” həvəsi olduqca gülünc görünür.

Maraqlıdır ki, Emin Əmrullayevin yeni model dəst-xətti Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin AMEA prezidenti təyin olunmasından sonra elm ocağını “zavod”a çevirməsini xatırladır. Məhz Ramiz Mehdiyev AMEA-da alimlərə qarşı saat 9:00-dan 18:00-dək iş rejimi tətbiq etmişdi.

Əmrullayev yanaşması həm də Milli Məclisin (MM) üzvü Hadı Rəcəbli zehniyyətinin başqa formada təzahür etdiyini göstərir. Xatırlayırsınızsa, il ərzində işləməkdən daha çox istirahət edən parlamentdə oturan və buna görə yüksək maaş alan Hadı Rəcəbli “Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra dall fəhləliklə məşğul olmalıdır” demişdi.

Yaxşı ki, o zaman millət vəkilinə təpki göstərən cəmiyyətimiz bu dəfə də nazirin qarşısında susmadı. 8 saatlıq iş günü ilə bağlı təklif olunan yeni model son illərdə müəllimlərin əsl “çörək ağacı”na çevrilmiş “repetitorluğun ləğvinə hesablanması” kimi dəyərləndirildi. Üstəlik, jurnalist Səidə Bəkirqızı naziri “təhsil ocağını zavod kimi görməkdə” günahlandırdı.

Doğrudur, nazirə yarınmaq istəyən bəzi “ekspertlər” bu modelin bir çox xarici ölkələrdə də mövcud olduğunu, müəllimlərin maaşının iş saatına görə hesablandığını iddia etməyə başladılar. Amma cəmiyyətin mütərəqqi qüvvələri, o cümlədən media cameəsi belə ekspertlərin “öz kursları”, yəni öz maraqları baxımından yeni modeli bəyəndiklərinə diqqəti cəlb etdilər.

Amma başabəla ekspertlərdən fərqli olaraq digər mütəxəssislər hesab edirlər ki, nazirin təklif etdiyi yeni modellə bağlı məsələ daha “incə”dir. Məsələn, Milli Məclisin üzvü Etibar Əliyev hesab edir ki, yeni model tətbiq olunandan sonra məktəblərdə direktor–müəllim alverinin yeni mərhələsi başlayacaq (azpolitika.info). “Menecerlər pul qazanmağın yolunu çox gözəl bilirlər”, – deyə o, vurğulayıb.

Tarix və həyat dəfələrlə göstərib ki, keyfiyyətli təhsil müəllimlərin hansısa çərçivəyə salınması modelindən ibarət deyil. Yalnız öz ixtisasına mükəmməl şəkildə yiyələnmiş və sərbəst fəaliyyət göstərən müəllim cəmiyyət üçün ağıllı, istedadlı, güclü şəxsiyyətlər yetişdirə bilər.

Amma Emin Əmrullayevin beşillik nazir fəaliyyəti göstərir ki, onun gəlişi ilə təhsil sahəsində irəliləyişin olduğunu gözləyənlərin proqnozu puça çıxıb. Bəlkə də kimsə xatırlayır, iki il bundan öncə jurnalist Zülfiyyə Mustafayeva nazirin ümidləri doğrultmadığını onun üzünə söyləmişdi. Nazirə “Siz hər şeydən danışırsınız, amma heç nə demirsiniz” deyən jurnalist həmkarlarının verdiyi suallara onun cavablarının qaneedici olmadığını, birinci sinfə qəbul, ucqar kəndlərdə təhsilin təşkili, azyaşlı məktəbli qızların erkən ərə verilməsi kimi problemlərə açıqlamalarının həll yoluna heç işarə olmadığını, bəsit yanaşma olduğunu vurğulamışdı.

O zaman həmin jurnalistin tənqidi açıqlamasına və “Ən yaxın və uzaq hədəfləriniz nədir bu sahədə?” sualına “bəh-bəh”li tərcümeyi-hala malik olan nazirin cavabı nə olsa yaxşıdır?

“Sizinlə qətiyyən razı deyiləm. Bu brifinqdir, ictimai görüş deyil. Jurnalist gəlir, peşəkarlıq nöqteyi nəzərindən. Biz bürokratik işlə emosional işi qarışdırmamalıyıq. Siz jurnalistsiniz, hər şeyi şişirdib, diqqəti cəlb etmək sizin işinizdir. Amma mənim işim o deyil. Hər kəs öz işini öz yerində düz və peşəkar görürsə, bu halda düz olur. Yəni mənim belə bir lüksüm yoxdur ki, emosiyalara qapılım, öz emosiyalarımı bu mikrofondan istifadə edərək sizinlə paylaşım. Bu, mənə görə peşəkarlıq deyil. Dövlət məmurunun yanaşması bu, olmamalıdır. Dövlət məmuru öz fəaliyyətini Azərbaycan qanunları və qaydaları və ona verilən təlimatlar əsasında qurur”, – deyə nazir “hədəf”dən çox-çox uzaq cəfəng cavab vermişdi (Bumeranq tv.18 may 2023-cü il).

Əslində həmin dialoq elm və təhsil nazirinin öz yerində olmadığını sübut edirdi. Çünki cəmiyyətin güzgüsü rolunda çıxış edən qərəzsiz medianın qaldırdığı mövcud problemlərə “şişirtmə” kimi yanaşmaq dövlət məmuruna yaraşmayan hərəkətdir.

Maraqlı cəhət ondadır ki, ibtidai təhsillə bağlı problemin qaldırıldığı həmin hadisədən iki il keçib, nazir isə bu gün nazir qərara gəlib ki, sən demə, Azərbaycan təhsilinin ən problematik hissəsi ibtidai təhsildir. “Yəni ibtidai təhsili düzəltmədən, orta, tam orta, peşə və ya ali təhsili düzəltmək olmur. Çünki fundamentsiz ev tikmək olmur”, – nazir fəaliyyətinin 5-ci ilində söyləyir. Bu yerdə nazir “soruşmaq ayıb olmasın, bəs 5 il ərzində ibtidai təhsil nəyə görə düzəldilməyib?” sualını tamamilə haqq edir.

Qeyd edək ki, naziri təkcə jurnalistlər tənqid etmirdilər. Elə həmin ilin 9 iyul tarixində Milli Məclisin deputatı Etibar Əliyev nazir Emin Əmrullayevin Azərbaycan xalqından üzr istəməsini tələb etmişdi (demokrat.az). Buna səbəb nazirin “yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” açıqlaması səbəb olmuşdu.

“Ölkənin elm və təhsil naziri milləti təhqir edir. Sən hardan bilirsən ki, 25 yaşdan yuxarı yaşı olanların 60 faizi Füzulinin, Nizaminin, Əhməd bəy Ağaoğlunun, Axundovun, Heminqueyin, Çexovun və s. yazıçı və mütəfəkkirlərin əsərlərindəki əsas fikri başa düşmür? Zirəddin heç belə danışmır. Nazir bu fikrinə görə Azərbaycan xalqından üzr istəməlidir. Bu adam nə PİRLS-i, nə PİSA-nı, nə Akkreditasiyanı, nə Bibliometrik göstəricələri, nə məzmunu, nə də QS reytinqini izah edə bilmir, lakin Azərbaycan xalqını hər addımda savadsızlıqda ittiham edir. Bu dərsi haradan almısınız?”, – deyə Etbar Əliyev sosial şəbəkədə etiraz etmişdi.

Bundan bir il sonra isə Milli Məclisin digər deputatı, elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov nazirin şagird sıxlığı ilə bağlı İctimai TV-yə dediyi “Keyfiyyəti, hazırlığı yerində olan müəllim hazırlığı yerində olmayan müəllimin 6 uşaqla göstərdiyindən daha yaxşı nəticəni 40 uşaqla göstərir” fikrini sərt tənqid etmişdi. (“Pravda.az 8 Yanvar 2024).

“Biz elm və təhsil nazirinin məktəblərdə sıxlığın aradan qaldırılması ilə bağlı məsələyə daha əsaslı formada yanaşmasını gözləyirdik. Elm və Təhsil Nazirliyi problemdən çıxış yolu axtarmaq əvəzinə, Azərbaycan xalqını bu məsələ ilə barışmağa çağırır, sıxlığın normal olduğunu söyləyir. Belə bir fikir söyləmək üçün insan ya auditoriyadakı vəziyyətdən xəbərsiz olmalıdır, ya da bu, bilərəkdən real vəziyyəti təhrif etmək məqsədi daşıyır. Sözün açığı, belə açıqlamanın verilməsi qəbuledilən deyil. Təhsil ictimaiyyətinin də tənqidi reaksiya verməsi təbiidir. Çünki nazir Emin Əmrullayevin açıqlaması real vəziyyətlə uyğun gəlmir. Təkrar edirəm, bu fikri o insan söyləyə bilər ki, ömründə bir dəfə auditoriyaya girməsin, tələbələrə dərs keçməsin. Davamlı olaraq auditoriyaya girən bir şəxs kimi bu məsələnin çətinliyini çox yaxşı bilirəm və anlayıram. Belə məsələlərin cəmiyyətə açıq-aydın ötürülməsi stereotiplərin qırılması deyil, əslində, Azərbaycan təhsilinə yanaşmanın düzgün və sağlam olmamasının göstəricisidir”, – deyə millət vəkili vurğulamışdı.

Millət vəkilinin təbirincə desək, təhsilimizə düzgün və sağlam olmayan yanaşmanın başında dayanan Emin Əmrullayev isə Xankəndidə keçirilmiş Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində “Böyük Qayıdış: Çağırışlar və imkanlar” adlı I panel sessiyasında “Təhsil artıq şagirdlərə tək yazı-pozunu öyrətməklə yekunlaşmır, çünki hazırki dövrdə təhsil prosesi olduqca mürəkkəbdir” fikri ilə lap “quşu gözündən vurmuşdu”.

Məgər 107 yaşı olan nazirliyə, özü də təkcə təhsilə deyil, həm də elmə rəhbərlik edən şəxs bilmir ki, məktəbdə yazı-pozu öyrədilməsi uzaq keçmişdə qalıb, təhsil prosesi çoxdan mürəkkəbləşib? Üstəlik, xarici təcrübənin ölkə təhsilində yarıtmaz şəkildə tətbiqi milli təhsilimizi yaman günə qoyub. Bu nöqsanları heç təhsil sahəsində olmayan adi vətəndaş belə bilir. Həmin nöqsanları aradan qaldırmaq vəzifə borcu olan nazir isə XXI əsrin 25-ci ilində “təhsilin yazı-pozu öyrədilməsi ilə yekunlaşmadığına” diqqəti cəlb edir.

Açıq danışaq, son illərdə gənclərimizin müxtəlif olimpiadalarda fəxri yerlər qazanmaları, dünyanın məşhur ali məktəblərinə qəbul olunmaları kimi yüksək nəticələr göstərmələri isə yeni modellərlə müəllimlərin üzərinə şığıyan nazirin fəaliyyəti sayəsində deyil, məhz həmin “repetitor” müəllim-şagird-valideyn üçlüyünün fədakar əməyi və istəyi nəticəsində əldə olunub.

Əlbəttə, hər kəs istəyər ki, övladı heç bir repetitor yanına getmədən, elə məktəbdə aldığı təhsil sayəsində ali məktəblərə qəbul olunsun. Amma bunun üçün müəllimin saat 9-dan 18-dək məktəbdə oturması tələb olunmur. Müəllimin əmək haqqı elə səviyyədə olmalıdır ki, o, bütün biliyini, gücünü elə məktəbdəki dərs saatları zamanı şagirdlərinə sərf etsin, repetitorluqdan könüllü şəkildə imtina etsin. Açıq-aşkar aydındır ki, nazirin təklif etdiyi yeni model bunu təmin edə bilməyəcək. Ən qorxulusu odur ki, bu yanaşma bilikli və savadlı müəllimlərin məktəblərdən “axını”na gətirib çıxara bilər.

Elm və Təhsil Nazirliyinin saytında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı deviz kimi göstərilib.

Kaş başda nazir olmaqla onu deviz kimi üzərinə götürənlər görkəmli dövlət xadiminin müəllim haqqında digər kəlamlarına da fəaliyyətlərində üstünlük verəydilər. O zaman bundan yalnız və yalnız təhsilimiz qazanardı.

Heydər Əliyev isə deyirdi ki, “Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

İndi siz deyin, Emin Əmrullayevin bu “yüksək ad”a “zavod-fabrik” yanaşması həmin kəlama uyğundurmu?! Heydər Əliyev belə nazirə “A kişi, sən nə danışırsan”, deyib qapını göstərərdi…

Xatirə SADİQ