Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin komitə iclasında məktəblərdə tətbiq olunacaq yeni müəllim modelindən danışıb. Nazir bildirib ki, model könüllü olacaq və yalnız sertifikasiyada yüksək bal toplamış müəllimləri əhatə edəcək.
Onun sözlərinə görə, yeni sistemə qoşulan müəllimlərin dərs yükü “həftədə 18–24 saat təşkil edəcək”, qalan vaxt isə “metodik hazırlığa, şagirdlərlə fərdi işə və layihələrdə iştirak”a sərf olunacaq. Əmrullayev əlavə edib: “Kim istəmirsə, əvvəlki kimi saat hesabı ilə işləməyə davam edə bilər”.
Nazirin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir çox istifadəçi bu addımı “repetitorluğun məhvinə yönəlmiş cəhd” kimi qiymətləndirib. Müəllimlər arasında da narazılıqlar yaranıb.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, nazirin açıqlaması islahatın mahiyyətini və mərhələliliyini daha aydın göstərir: “Bu, prosesin tələsik və məcburi deyil, peşəkarlığa əsaslanan seçim mexanizmi ilə həyata keçiriləcəyini göstərən müsbət addımdır”.
Ekspert qeyd edib ki, bu yanaşma beynəlxalq təcrübədə “pilot əsaslı transformasiya modeli” kimi tanınır və Finlandiya, Estoniya, Cənubi Koreya kimi ölkələrdə geniş tətbiq olunur: “Sertifikasiya nəticələrinin seçim meyarına çevrilməsi həm Təhsil Haqqında Qanunun 26-cı maddəsinə, həm də dövlətin təhsildə keyfiyyəti təmin etmək öhdəliyinə tam uyğundur”.
O vurğulayıb ki, dərs yükünün azaldılması müəllimlərin metodik hazırlıq, fərdi iş və pedaqoji inkişaf üçün real vaxt əldə etməsinə imkan verəcək: “Hazırda bir çox müəllim 24–30 saat dərs dediyi üçün hazırlığa vaxt qalmır. Yeni model bu problemi aradan qaldırır”.
Əsədovun sözlərinə görə, sosial şəbəkələrdə səslənən “repetitorluğun məhvi” fikirləri psixoloji və iqtisadi səbəblərlə bağlıdır: “İllərdir məktəb sistemi şagirdlərin bilik boşluqlarını repetitor yanında kompensasiya etdiyi üçün alternativ bazar yaranıb. Yeni model bu ehtiyacı azaldır. Müəllimlərin narazılığı daha çox vərdiş, zaman idarəçiliyi və infrastruktur problemlərindən doğur. Uzun illər dərs yükü sistemi ilə işləyən müəllim üçün məktəbdə daha çox qalmaq azadlığın məhdudlaşdırılması kimi görünür” . Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin daha yaxşı status və imkanlar əldə etməsi həm motivasiyanı, həm də rəqabəti gücləndirəcək. Bu, məktəblərdə keyfiyyət yönümlü mühit yaradır”.
Repetitorluğa təsirlərə toxunan ekspert bildirib ki, yeni model repetitorluğu birdən-birə məhv etməyəcək, lakin onun səbəbini – məktəbdə zəif tədrisi – aradan qaldırmağa yönəlir”.
“Yeni model müəllim əməyinin dəyərini artıracaq, məktəbin funksiyasını gücləndirəcək və repetitorluq bazarının təzyiqini zamanla azaldacaq. Əsas məsələ məktəblərdə infrastrukturun, iş şəraitinin və idarəçilik sisteminin təkmilləşdirilməsidir” , -deyə Kamran Əsədov qeyd edib









